Ermənistanın paytaxtı İrəvanda məhkəmə “Taşir” holdinqinin sahibi, iş adamı və xeyriyyəçi Samvel Karapetyanın həbs müddətini ikinci dəfə uzadıb. O, daha 30 gün istintaq təcridxanasında qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məhkəmə vəsatəti qismən təmin edib.
İşin baxışı iki gün davam edib və oktyabrın 16-na keçən gecə saat 01:30-da başa çatıb. Məhkəmə binasının qarşısında Karapetyanın ailə üzvləri, tərəfdarları və onun yaratdığı “Mer Dzovov” (“Öz yolumuzla”) hərəkatının üzvləri toplaşaraq onun azadlığa buraxılmasını tələb ediblər.
Xatırladaq ki, Samvel Karapetyan iyun ayında Ermənistan hakimiyyətinin kilsəyə qarşı hücumları fonunda Ermənistan Apostol Kilsəsini müdafiə etdikdən sonra həbs olunmuşdu. Ona qarşı hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamı irəli sürülmüşdü.
Bir müddət sonra iş adamına qarşı yeni ittiham — vəsaitlərin yuyulması maddəsi üzrə əlavə cinayət işi açılmışdı. Avqust ayında isə onun həbs müddəti iki ay uzadılmışdı.
Bizim.Media