Pakistan Əfqanıstanın paytaxtı Kabilə hava zərbələri endirib. Bu, Pakistanla Əfqanıstan arasında gərginliyi kəskin şəkildə artırıb.
Bizim.Media xəbər verir ki, hadisə barədə AP, Reuters, ABC News və Al Jazeera məlumat yayıb.
Əfqanıstanın Taliban hökuməti Pakistanı Kabilə və ölkənin şərqindəki Paktika vilayətinə hava zərbələri endirməkdə ittiham edib.
Partlayış Kabilin Əbdül Haq meydanı yaxınlığında, hökumət binaları və təhlükəsizlik qurumlarının yerləşdiyi ərazidə baş verib.
Əvvəlcə hadisə “qəza” kimi təqdim olunsa da, sonradan Əfqanıstan Müdafiə Nazirliyi zərbəyə görə Pakistani məsul tutub.
İlkin məlumatlara görə, ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama yoxdur.
Pakistan tərəfi rəsmi şəkildə hava zərbəsini təsdiqləməyib, lakin İslamabad bildirir ki, Əfqanıstan ərazisindən Pakistan əleyhinə silahlı qruplar, xüsusilə Tehrik-e-Taliban Pakistan (TTP) fəaliyyət göstərir.
Bu hücum Pakistan ordusunun ilk dəfə Əfqanıstanın paytaxtına birbaşa zərbə endirməsi kimi qiymətləndirilir.
Xatırladaq ki, son aylarda iki ölkə arasında sərhəd toqquşmaları intensivləşib, xüsusən Kurram və Xayber Paxtunxva bölgələrində.
Analitiklərin fikrincə, Pakistan yeni bir “qırmızı xətt” müəyyən etməyə çalışır:
Əgər Əfqanıstan ərazisindən Pakistan istiqamətində hücumlar olarsa, İslamabad cavab olaraq birbaşa hava zərbələri endirəcək.
Taliban hökuməti isə Pakistanı hava məkanını pozmaqda və suverenliyinə təcavüzdə günahlandırır.
Hücum həm də Əfqanıstanın regionda diplomatik əlaqələri genişləndirdiyi və Pakistanla münasibətlərin soyuduğu bir dövrə təsadüf edir.
Beynəlxalq müşahidəçilər xəbərdarlıq edirlər ki, bu hadisə regionda yeni qarşıdurma mərhələsinə səbəb ola bilər.
Bizim.Media