İŞİD-in Suriyanın Kobani şəhərinə intensiv hücumları və Türkiyəyə sığınmaq məqsədilə kobanililərin bu ölkəyə qaçışları davam edir.
ANS PRESS-in məlumatına görə, İŞİD zülmündən qaçan Kobanili kürdlər Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonuna bağlı Yumurtalıq kəndindəki keçid məntəqəsindən Türkiyəyə sığınır.
Məcburi köç yolunda ailələrin halları da acınacaqlıdır. Çölün ortasında günlərdir ac və susuz gözləyən ailələrin uşaqlarının bir çoxunun ayaqqabısı belə yoxdur. Suruç İcra Hakimiyyətinin uşaqlara bu gün ayaqqabı payladığı xəbəri verilir. Ailələr buradan yük maşınları ilə ətraf kənd və məhəllələrə aparılır. Türkiyəyə sığınan İsmayıl adında bir yaşlı, bütün malının əlindən alındığını, heç nəyini Türkiyə tərəfinə geçirə bilmədiyini deyir. Uşaqlarıyla sərhədi aşan bir qadın isə burada kimsəsinin olmadığını, hara gedəcəyini bilmədiyini söyləyərək çarəsizliyini göz yaşları ilə bildirir.
Sıfır nöqtəsində isə ekstremistlərin hərəkətləri sezilir.

































































































