Bu gün axşam saatlarında Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin həyat yoldaşı Lyudmila Yanukoviçin dünyasını dəyişdiyi haqda informasiya yayılmışdı. Məlumatı Telegram-da siyasi strateq və bloger Vladimir Petrov tirajlamışdı. Bloger və publisist Yekaterina Zolotareva da onun dediklərini təsdiq etmişdi.
Ancaq sonradan eks-prezident Viktor Yanukoviçin maraqlarını məhkəmələrdə müdafiə edən “Aver Lex” hüquqşünaslar birliyi onun həyat yoldaşı Lyudmilanın ölümü ilə bağlı məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN-ın müxbirinə Aver Lex hüquqşünaslar assosiasiyasının mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidməti qeyd edib ki, bu gün mətbuatda və sosial şəbəkələrdə Lyudmila Yanukoviçin guya ölümü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Bunların hamısı qara piardır”, - hüquq firmasının mətbuat xidməti bildirib.
Bundan əvvəl UNİAN siyasi strateq və bloger Vladimir Petrova istinadən xəbər vermişdi ki, yanvarın 23-də Ukraynanın qaçaq prezidenti Viktor Yanukoviçin həyat yoldaşı qəflətən dünyasını dəyişib. Lyudmila Yanukoviçin 73 yaşı var.
Son məlumatlara görə, Lyudmila Yanukoviç Rusiyanın işğalı altında olan Krımda Viktor Yanukoviçin aldığı iddia edilən villada yaşayır. Eyni zamanda, qaçaq prezident daha əvvəl həyat yoldaşından ayrılaraq məşuqəsinin yanına gedib.
2017-ci ilin fevralında Almaniyanın “Der Spiegel” jurnalı Yanukoviç cütlüyünün 45 illik evlilikdən sonra boşandığını yazıb, lakin sonradan bu xəbər Yanukoviç tərəfindən təkzib edilib.
Bizim.Media