Ukraynanın keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının rəhbəri Pyotr Poroşenko Varşavadan dövlətə xəyanətlə bağlı məhkəmənin keçiriləcəyi Kiyevə gəlib. Onun artıq “Julyani” hava limanında olduğu deyilir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Strana.ua” nəşri yayıb.
Mənbə qeyd edir ki, göyərtəsində Poroşenko olan təyyarə Kiyev vaxtı ilə səhər saat 7:48-də havaya qalxıb. Kiyev hava limanının məlumatına görə, reysin Ukraynanın paytaxtına yerli vaxtla saat 9:05-də çatacağı gözlənilir.
UNİAN bildirir ki, siyasətçi ilə birlikdə təyyarədə Avropa Həmrəyliyinin bir neçə üzvü də uçub.
Nəşrin müxbiri onu da bildirib ki, Poroşenkonun tərəfdarları aeroport yaxınlığında səhnə qurmağa başlayıblar, binanın mühafizəsi gücləndirilib.
Baş Prokurorluğunun tələbi ilə keçiriləcək məhkəmə iclasında iştirak etmək üçün Poroşenko Ukraynaya gəlib. Kiyevin Peçerski Rayon Məhkəməsində iclas yanvarın 17-də saat 11:00-da, təyyarə enişindən iki saat sonra başlayacaq.
Dövlət ittihamçısı eks-prezidentin 1 milyard qriven (təxminən 37 milyon dollar) məbləğində girov qoymaq imkanı ilə həbsə alınmasını tələb etmək niyyətindədir. Yanvarın 6-da məhkəmə Poroşenkonun əmlakına həbs qoyub.
Ukraynanın keçmiş prezidenti terrorizmi maliyyələşdirməkdə və dövlətə xəyanətdə, habelə terror təşkilatı yaratmaqda ittiham olunur. Poroşenkonu bu maddələrlə 15 ilə qədər həbs gözləyir. İstintaqın məlumatına görə, o, prezident olduğu müddətdə Rusiya hakimiyyəti, Donetsk və Luqansk separatçıları ilə əlbir olub, Donbass kömürünün Ukraynaya ixracı üçün sxem hazırlayıb.
Müstəntiqlər əmindirlər ki, bu sxem üzrə Ukraynaya 1,5 milyard qriven dəyərində kömür gətirilib.
Poroşenko uçuş ərəfəsində həbs üçün heç bir səbəb görmədiyini bildirib. Eyni zamanda o, etiraf edib ki, təyyarə tərəfdarlarının onu gözlədiyi Kiyevə yox, başqa hava limanına enə bilər.
Kiyev "Julyanı" hava limanında isə onu çoxsaylı tərəfdarları gözləyir. Sabiq prezidentin ən yaxşı çıxışları böyük ekranda nümayiş etdirilir.
Bizim.Media