Talibanın qadınlar üçün iş imkanlarını məhdudlaşdırmaq qərarına görə Əfqanıstan iqtisadiyyatı böyük pul itkiləri ilə üzləşəcək və 1 milyard dollar (ÜDM-in təxminən 5%-i) itirəcək.
Bizim Media xəbər verir ki, bu proqnoz Bloomberg tərəfindən dərc edilən BMT-nin hesabatında yer alıb.
“Mən bunu çox açıq şəkildə bildirmək istəyirəm: qadınların iştirakı olmadan Əfqanıstan iqtisadiyyatının tam bərpası ola bilməz”, - deyə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəhbəri Abdulla əd-Dərdari bildirib.
Onun sözlərinə görə, ilkin nəticələr göstərir ki, Əfqanıstanda təhsilli qadınların əmək məhsuldarlığına verdiyi töhfə eyni təhsil səviyyəsinə malik kişilərdən daha yüksəkdir. Eyni zamanda, ölkədəki işçi qüvvəsinin təxminən 20%-ni qadınlar təşkil edir.
BMT vurğulayır ki, yaxın illərdə Əfqanıstanın ÜDM-i 30%-ə qədər azala bilər. Hazırda ölkə iqtisadiyyatı sürətlə artan inflyasiya və nağd pul qıtlığı dövrünü yaşayır.
Qeyd edək ki, sentyabr ayında əfqan qadınları dövlət idarələrində, banklarda, mediada, eləcə də əksər şirkətlərdə kişilərlə işləmək imkanından məhrum edilib.
Bizim Media