Yaxın Şərqin iki əsas aktoru olan Türkiyə-İsrail münasibətlərində son dönəmlərdə qismən də olsa yaxınlaşma müşahidə olunur.
Ələxsus da, son vaxtlarda iki ölkə rəsmiləri arasında dialoqun qurulması istiqamətində müsbət meyillər meydana gəlməkdədir.
Bu cür tendensiyanın məntiqi davamı olaraq, 8 ildən sonra ilk dəfə noyabrın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail baş naziri Naftali Bennet arasında telefon danışığı baş tutub.
Bennetin Türkiyə liderinə zəng etməsinin əsas səbəbi isə, Ərdoğanın iqamətgahını lentə aldığı üçün sorğulanan iki İsrail vətəndaşının sərbəst burxılması üçün görülən tədbirlə görə təşəkkür etmək olub.
Qeyd edək ki, daha əvvəl iyulun 13-də də iki ölkə rəsmiləri arasında telefon danışığı baş tutmuşdu. Belə ki, həmin vaxt Ərdoğanın opponenti İsrail Prezidenti İshak Hersoq idi.
İsraildə Benyamin Netanyahu iqtidarı dönəmində tərəflər arasında əlaqələr “buz dövrü”nü keçirirdi. İndi isə dəyişən geosiyasi maraqlar, Ankara və Tel-Əviv arasındakı buzların yavaş-yavaş əriməsinə səbəb olub.
İsrail-Türkiyə yaxınlaşmasının səbəbləri
Regionda baş verən son siyasi proseslər fonunda, Ankara-Tel-Əviv yaxınlaşmasının reallığa dönüşməsinə səbəb olan bir sıra yeniliklər baş verdi:
1. İran təhdidi. Son dövrlərə qədər İran-Türkiyə münasibətləri normal axarı ilə davam etsə də, Tehranın Ankaranın ən yaxın müttəfiqi olan Azərbaycana qarşı sərgilədiyi mövqe, bu əlaqələrin 180 dərəcə dəyişməsinə səbəb oldu. Eyni zamanda İsrailin də İranla düşmən mövqedə dayanması, ortaq rəqib qarşısında sözügedən tərəflərin yaxınlaşmasına müsbət təsir göstərdi.
MÖVZU İLƏ BAĞLI:
Sürpriz telefon zəngi: İsrail prezidenti Ərdoğana niyə təşəkkür etdi?
Xüsusilə də, Suriya məsələsinin də bu yaxınlaşmada önəmli pay sahibi olduğunu vurğulamaq lazımdır. Çünki Türkiyənin adıçəkilən bölgədə fəallaşması, eyni zamanda İsrailin İran üzərində Suriya “rinq”ində qazandığı bir sıra uğurlar da, Suriya gəmisinin sərnişinləri olan Ankara və Tel-Əviv arasında dialoqun qurulmasını labüdə çevirdi.
2. Azərbaycan faktoru. Hər iki ölkənin əsas regional müttəfiqi olan Azərbaycanın da Türkiyə-İsrail münasibətlərində önəmli yer tutur. 44 günlük müharibədə Azərbaycanın qazandığı qələbədən sonra isə, savaş günlərində rəsmi Bakının yanında yer alan Ankara və Tel-Əvivin öz aralarındakı problemləri həll etməsinin zamanının gəldiyi çağırışları daha da güclənməyə başladı. Sirr deyil ki, Azərbaycandan gələn müsbət siqnallar iki ölkə arasındakı gərginliyə su səpən amillərdəndir.
3. Aralıq dənizində toqquşan maraqlar. Son illərdə Aralıq dənizinin şərq hissəsində kəşf olunan karbohidrogen yataqları bölgədə ciddi rəqabətin mesajlarını verməkdədir. Xüsusilə də, İsrail bu layihələrdə önəmli pay sahibidir. Və gələcəkdə həmin yataqlardan emal olunan qazın Avropa bazarlarına çıxarılması üçün ən uğurlu marşrut Türkiyə hesab olunur.
Eyni zamanda bölgənin digər dövləti Yunanıstan da Qərbi arxasına alaraq Türkiyəni təkləməyə çalışır. Bu səbəbdən də, ortaq maraqlar səbəbindən İsrail-Türkiyə yaxınlaşmasının reallaşmaq ehtimalı az deyil.
Ümumilikdə isə, iki ölkə arasındakı əlaqələrin inkişafı Azərbaycanla yanaşı region ölkələri üçün də mühüm rola malikdir. İlk növbədə, iki böyük regional gücün yaxınlaşması, bir sıra münaqişə ocaqlarında sabitliyin təmin olunmasına yardım edə bilər.
Eyni zamanda Türkiyə də Fələstini qorumaq üçün İsraillə düşmən olmağın səmərəsiz olduğunu yavaş-yavaş anlamaqdadır.
Belə ki, Ərəb liqasının əsas fiqurlarının Fələstini tapdalayaraq, İsraillə əməkdaşlıq qurduğunu nəzərə alsaq, Türkiyənin sözügedən məsələdə Tel-Əvivə qarşı barışmaz mövqe sərgiləməsi rəsmi Ankaraya heç bir qazanc gətirə bilməz.
Murad Əhmədov, Bizim.Media