Gülağa Aslanlı: “Bunlar heç vaxt dialoqa hazır olmayıblar...”

Gülağa Aslanlı: “Bunlar heç vaxt dialoqa hazır olmayıblar...”

Hazırda oxunan: Gülağa Aslanlı: “Bunlar heç vaxt dialoqa hazır olmayıblar...”

46775

Hakimiyyət və müxalifət arasında dialoqun zəruriliyi daim aktual olub. Xüsusilə də hazırkı gərgin geopolitik situasiyada düşərgələr arasında normal münasibətlərin yaranması, milli maraqlar ətrafında birləşməyin zərurəti barədə fikirlər səslənir. 


Azərbaycan bu gün həm Rusiya, həm də Qərbin təzyiqləri ilə üz-üzədir, üstəlik də Ermənistanla təmas xəttində faktiki olaraq gərgin döyüşlər gedir. Bu mənada ölkə daxilində konfliktlərin aradan qaldırılmasına ciddi ehtiyac var. Ancaq hakim partiyadan gələn növbəti mövqe dialoqun reallaşacağına olan ümidi azaltdı. 

Ortaya çıxan qənaət budur ki, Yeni Azərbaycan Partiyası (YAP) müxalifətlə dialoqdan imtina edir. Bu barədə YAP icra katibi, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib. S. Novruzov buna səbəb kimi müxalifətin ermənilərlə əməkdaşlıq edən şəxslərə dəstək verməsi, onları müdafiə etməsini göstərib: “Bu gün müxalifət ümummilli məsələlərdə iqtidarla dialoqa getməyə hazır olduğunu bəyan edir, amma özləri ümummilli məsələlərin ziddinə hərəkət edirlər. Leyla Yunusu hər kəs tanıyır və bilir ki, bu adam ermənilərlə əməkdaşlıq edir, erməni kəşfiyyatına informasiya ötürür. Ümummilli məsələlərdən, Dağlıq Qarabağdan pafosla danışan müxalifət isə Leyla Yunusu dəstəkləyir, az qala qəhrəman düzəldirlər. Leyla Yunus kimilərdən qəhrəman düzəldən müxalifətlə ümummilli məsələləri prioritet hesab edən iqtidar dialoqa gedə bilməz”. S. Novruzov qeyd edib ki, müxalifət bu mövqeyindən əl çəkməli, sözü ilə əməli bir olmalıdır: “Xüsusən Azərbaycanın ərazi bütövlüyü məsələsində eyni mövqe nümayiş etdirməlidirlər. Yoxsa sözdə bunu deyib, əməldə buna qarşı çıxanlara dəstək vermək olmaz. Onlarla eyni masada necə oturmaq olar?”

Məsələyə aparıcı müxalifət partiyasından reaksiya gəlib. Müsavat başqanının müavini Gülağa Aslanlı YAP-ın mövqeyinə cavabında məşhur bir misalı xatırlatdı: “İki nəfər yol gedirmiş. Biri o birindən adını soruşur, dedi ”Yusif". Bir az gedəndən sonra yoldaşının adı yadından çıxır, qayıdır ki, “Litux, bəs atanın adı nədir? Yoldaşı deyir ki, mənim adımı bir günə yadından çıxartdın ki, indi atamın adını soruşursan. İndi hakimiyyət nə vaxt dialoqa getmişdi ki, indi ondan imtina edir? Ümumiyyətlə, bunların mətbəxində, təfəkküründə dialoq adlı şey yoxdur. Bunlar deyirlər ki, biz hökm edirik, bunu ya qəbul edirsən, ya da yox. Ona görə olan şeydən imtina edərlər, olmayan şeydən imtinanın heç bir mənası yoxdur. Bunlar heç vaxt dialoqa hazır olmayıblar. YAP ancaq bir qapıya top vurmağı öyrənib. Odur ki, nədən imtina etmələri mənə aydın deyil”. 

G.Aslanlı Leyla Yunusu müdafiə edənlərin ittihamına və ümumiyyətlə, hüquq müdafiəçisinin ermənilərlə əlaqədə ittiham olunması haqda deyilənlərə də reaksiya verdi: “Leyla Yunusun müdafiəsi onun hüquqlarının kobud şəkildə tapdalanması ilə bağlıdır. Əgər hakimiyyət Leyla Yunusu tutmaq istəyirsə, ortaya konkret, inandırıcı faktlar qoysun. Amma əgər onu kobudcasına saxlayırlarsa, evinə basqın edirlərsə, hətta Leyla Yunus tualetə belə girəndə polis onunla birgə tualetə girmək istəyirsə, bu, artıq insan hüquq və azadlıqlarının pozulmasıdır. Bu istiqamətdə Leyla Yunusun müdafiəyə ehtiyacı var və onun müdafiəsində duranlar da düz edirlər. Amma Leyla Yunus nə vaxtsa ermənipərəst mövqe ortaya qoysa, təbii ki, onu kimsə müdafiə etməz. Onun ermənipərəst mövqedə olması ilə bağlı hətta hakimiyyətdə də hansısa fakt yoxdur”. 
Cavid TURAN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO