10 ildən çoxdur silahların susmadığı Suriyada xarici aktorlara qarşı münasibətlərdə ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Ələxsus da, İranla bağlı Suriya hökumətinin mövqeyində son zamanlar daha fərqli mövqe ortaya qoyulur.
Belə ki, Bəşər Əsəd hökumətinin ən güclü dəstəkçilərindən hesab olunan İranın ölkəsindəki fəaliyyətinə qarşı Suriya liderinin səbr kasasının dolduğunu görə bilərik. Nəticə olaraq isə, Suriyada fəaliyyət göstərən SEPAH generalı Cavad Gaffari ölkədən qovulub.
MÖVZU İLƏ BAĞLI:
Bəşər Əsədin Ankaradan TƏLƏBİ: “Qoşunlarını Suriyadan çıxart” – CAVAB NECƏ OLACAQ?
Əsəd niyə İrandan üz çevirdi?
Məsələ ilə bağlı, “Al-Arabiya” telekanalının iddiasına görə, Əsədi bu addımı atmağa vadar edən əsas səbəb rəsmi Tehranın Suriya ərazisini İsraillə rəqabət meydanına çevirməsidir.
Bu isə, ölkədə toqquşmaların daha da artmasına və İran-İsrail rəqabətinin daha da kəskinləşməsi səbəbindən Suriyadakı vəziyyətin indikindən də faciəvi vəziyyətə gəlməsi ehtimallarının yaranmasına səbəb olub.
Əsədin İrana qarşı ritorikasını dəyişməsinə ikinci səbəb kimi isə, telekanal Birləşmiş Ərəb Əmirlikləri ilə Dəməşq hökuməti arasında əlaqələrin inkişafı göstərilir.
Belə ki, regionun əsas aktorlarından olan BƏƏ İrana qarşı sərt, İsrailə qarşı isə digər ərəb ölkələrinə nisbətən mülayim siyasi dəst-xətti ilə seçilir. Əksər ekspertlərin fikrincə isə, BƏƏ-Suriya münasibətlərinin inkişafı Tehran-Dəməşq əlaqələrinin pozulması ilə nəticələnəcək.
Qeyd edək ki, İranın Suriyadakı nüfuzunun zəifləməsi tək qeyd olunan hadisə ilə bağlı deyil. Belə ki, əvvəlki həftələrdə Türkiyənin bölgədə ciddi hərəkətlənməsi müşahidə olunurdu və bu prosesin də İranın regiondakı nüfuzuna təsirsiz ötüşmədiyi görülməkdə idi.
Baş verənlər fonunda isə, artıq əksər ekspertlər Suriyanı İran-İsrail maraqlarının yox, Türkiyə-Rusiya rəqabətinin başlıca “rinq”lərindən biri kimi qiymətləndirirdilər.
İran üçün üçqat zərbə
SEPAH generalının Suriyadan qovulması olayına İran cəbhəsindən nəzər saldıqda isə, bunun Tehran üçün ciddi zərbə olacağını aydın şəkildə sezmək mümkündür. Çünki bu hadisə İrana bir neçə aspektdən təsir göstərəcək:
1. BƏƏ-nin artan nüfuzu İranın regional mübarizədəki mövqeyinə təsirsiz ötüşməyəcək. Yaxın Şərqdə, eləcə də İslam dünyasında liderlik mübarizəsinin əsas rəqiblərindən olan BƏƏ-İran duelinin növbəti raundunda Tehran çətin duruma düşəcək.
2. İsrailin Suriyada güclənməsi İran üçün əsas təhlükəni sərhədlərinə qədər gətirəcək. Eyni zamanda nəzərə alsaq ki, İranın uranı zənginləşdirmə siyasətinin ən qatı əlehdarı məhz İsraildir, belə olan halda, Tehran üçün təhlükənin nə qədər yaxınlaşdığını asanlıqla görmək mümkündür.
3. İran hökumətinin Suriyada mübarizəsi Tehranın daxili siyasətində də ciddi pay sahibidir. Belə ki özünü xalqa “İslamın qoruyucusu”, Suriyadakı mübarizəsini isə, “şərə qarşı mübarizə” kimi təqdim edərək özünə müəyyən reytinq qazanmağa çalışırdı.
Lakin bu uğursuzluq, Molla rejiminə qarşı xalqın onsuzda az olan inamını daha da zəiflədəcək.
Ümumilikdə isə, Suriyadakı uğursuzluğun indiki formada davam etməsi, İranı əhatə edən halqanın daha da daralmasına səbəb olacaq. Bu durum xarici siyasətdə zərbə arxasıyca zərbə alan Tehranın tamamilə öz qınına çəkilməsi ilə nəticələnəcək.
Belə olan halda isə, daxili və xarici təsirlərə davam gətirməkdə çətinlik çəkən İranın öz ambisiyalarından əl çəkəcəyi günün yaxın olduğunu proqnozlaşdırmaq mümkündür.
Murad Əhmədov, Bizim.Media