Türkiyə Dövlət Şurası (Danıştay-ən yüksək inzibati məhkəmə) 2007-ci ildə öldürülən “Akos” qəzetinin baş redaktoru Hrant Dinkin ailəsinin iddiası əsasında İstanbuldakı 6-cı İdarə Məhkəməsinin çıxartdığı qərarı təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “ermenihaber.am” saytı yayıb.
Mənbə yazır ki, erməni jurnalistin ailəsinə 1,5 milyon lirə təzminat ödəniləcək.
Belə ki, Dövlət Şurası Türkiyə Daxili İşlər Nazirliyinin şikayətini rədd edib, Daxili İşlər Nazirliyinin ciddi səhvlərə yol verdiyini deyib və nəticədə Dink ailəsinin tərəfini tutub.
Daha əvvəl Dinkin ailəsi Türkiyə Daxili İşlər Nazirliyinə qarşı İstanbul 6 -cı İnzibati Məhkəməsinə iddia qaldırıb. Ailə 1,5 milyon lirə məbləğində təzminat tələb edib ki, bunun da 500 mini maddi ziyana görə, 1 milyonu isə mənəvi ziyana görə hesablanıb. Məhkəmə iddianı təmin edib, lakin nazirlik qərardan apellyasiya şikayəti verib.
Xatırladaq ki, Hrant Dink 19 yanvar 2007-ci ildə “Akos” qəzetinin İstanbuldakı ofisinin astanasında 17 yaşlı millətçi Ogün Samast tərəfindən öldürülmüşdü.
Samast cinayətin ertəsi günü polis tərəfindən tutulub və 2011-ci ildə məhkəmə tərəfindən 22 il 10 ay həbs cəzasına məhkum edilib. Dinkin öldürülməsi Türkiyədə geniş rezonansa səbəb olub. Onun dəfn mərasimində bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Bizim.Media