İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə bazar
günü hərbi parad keçiriləcək. Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) mətbuat xidmətinin rəhbəri Ramazan Şərif deyib. Bu barədə Trend İranın
İSNA xəbər agentliyinə istinadən məlumat verir.
Onun
sözlərinə görə, hərbi parad İran Silahlı Qüvvələrinin bütün bölmələri,
"Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı
ilə keçiriləcək.
Şərif
deyib ki, paradın keçirilməsindən məqsəd İranın hərbi sahədə gücünün nümayiş
etdirilməsdir. "Parad paytaxt Tehranla yanaşı həmçinin İranın bütün
şəhərlərində təşkil olunacaq", -deyə Şərif bildirib.
Məlumata
əsasən, Parad Tehranda İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi
önündə təşkil olunacaq. Paradı İran prezidenti Həsən Ruhani, İranın yüksək
hərbi və mülki rəsmiləri və Tehranda olan xarici nümayəndəliklərin hərbi
ateşeləri izləyəcəklər.
Paradda
İranın hərbi sahədə əldə etdiyi son texnologiyalar nümayiş olunacaq.
Hər il
İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi
qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş
olunduğu hərbi paradlar keçirilir.
İran-İraq
müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə
hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs
müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki
vəziyyətdə qalıb.





































































































