Səfirliklərdə və beynəlxalq humanitar təşkilatlarda işləyən təxminən 12 min əcnəbi və Əfqanıstan vətəndaşı, radikal Taliban hərəkatının yaraqlılarının 15 avqustda paytaxta girdiyi andan ölkəni tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə şənbə günü Reuters agentliyi NATO sözçüsünə istinadən məlumat yayıb.
NATO-nun adının açıqlanmasını istəməyən sözçü "Hava limanından kənarda Taliban və ya mülki şəxslərin iştirakı ilə heç bir toqquşma istəmədiyimiz üçün təxliyə prosesi yavaş gedir" deyib.
“Reuters”in verdiyi məlumata görə, Taliban daha əvvəl Kabil hava limanındakı iğtişaşlarda iştirakını inkar etmişdi. Hərəkat rəsmiləri Qərb ölkələrinin "daha yaxşı bir evakuasiya planı hazırlaya biləcəklərini" söyləyib.
Taliban döyüşçüləri 15 avqustda Kabilə heç bir döyüş olmadan girib və bir neçə saat ərzində tam nəzarəti bərpa edib.
Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün ölkəni tərk etdiyini deyib. Vitse-prezident Amrullah Saleh dövlət başçısının olmadığı təqdirdə, konstitusiyaya görə ölkə başçısı vəzifəsini müvəqqəti icra etdiyini bildirib və Taliban silahlılarına müqavimət göstərməyə çağırıb.
Hazırda Qərb ölkələri vətəndaşlarını və səfirlik işçilərini təxliyə edir.
Bizim.Media