İyulun 23-də Baş
Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş prokuroru
yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2013-cü ilin I yarımili
ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi
informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı
ilə mətbuat konfransı keçirilib.
Tədbirdə Baş
prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş
işlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, ümummilli lider Heydər
Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə inamla həyata keçirilən
müdrik və uzaqgörən dövlət siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi
2013-cü ilin I yarısında da bütün sahələrdə yenidənqurma işləri davam
etdirilmiş, mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza
atılmışdır. Dövlət başçısının siyasi iradə, əzm və qətiyyəti hesabına
korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə görülən işlərin, həyata keçirilən
islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi artırılıb. Korrupsiyaya
qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real
nəticəsidir ki, "Transparency International" təşkilatının
"2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatı Azərbaycanda
korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha
təsdiq etmiş, sənədə əsasən ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi
azalıb. Dövlət başçısının sədrliyi ilə 12 fevral 2013-cü il tarixdə keçirilmiş
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş
konfransda mənfi halların, korrupsiyanın aradan qaldırılması ilə bağlı rəsmi
strukturlar və dövlət qulluqçuları üçün fəaliyyət proqramı xarakteri daşıyan
çıxışı prokurorluq orqanları qarşısında çox mühüm və məsul vəzifələr qoymuş,
korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərinin daha da artırılmasını,
adekvat tədbirlərin gücləndirilməsini, mübarizə üsullarının daha da
təkmilləşdirilməsini zəruri edib.
Cari il iyulun
18-də Prezident cənab İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci
yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında beynəlxalq təşkilatlar tərəfindən ölkədə aparılan
korrupsiyaya qarşı mübarizənin müsbət qiymətləndirildiyini bildirməklə yanaşı,
bir daha korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə fəallığın artırılmalı və
cəza, inzibati və digər tədbirlərin tətbiq edilməli olduğunu vurğulamış, hər
bir dövlət məmurunun bu istiqamətdə məsuliyyətini və rolunu artırmasını xüsusi
qeyd edib. Hesabat dövrü ərzində korrupsiyaya qarşı ardıcıl və sistemli
mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki
tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikasının Avropa
Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”
Konvensiyasının Əlavə Protokoluna qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar
həyata keçirilərək 1 fevral 2013-cü il tarixli qanunla Milli Məclis tərəfindən
qəbul edilmiş, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda korrupsiya
hüquqpozmalarına görə fiziki və hüquqi şəxslərin məsuliyyətini müəyyənləşdirən
norma 30 aprel 2013-cü il tarixli qanunla yeni redaksiyada verilməklə daha da
təkmilləşdirilib.
Qeyd edilməlidir
ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet
xətti kimi müəyyən etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə
idarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ilin I yarısında
da uğurla davam etdirilib. Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların
1.522 müraciətinə baxılmış, həmçinin 166 cinayət xarakterli material
araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 78%-i üzrə cinayət işi
başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi
təmin edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161
saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 3.237 müraciət daxil
olmuş, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri
ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 4-ü üzrə ibtidai
istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində
digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş
hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan
qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir.
Bununla yanaşı,
korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil,
inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı
ətraflı izahlar verilib. Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər
barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılmışdır. Həyata
keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər
barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış
materiallar üzrə 4 cinayət işi başlanmışdır. Həmin işlərdən 7-si üzrə ibtidai
istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Cinayət
işləri torpaq sahəsi ayrılması üçün Nurəddin və Seyfəddin Dövlətovlar
tərəfindən qohumlarını cinayət məsuliyyətindən azad etmək üçün Dövlət Sərhəd
Xidmətinin İstintaq və Tədqiqat İdarəsinin müstəntiqinə 35.0 min ABŞ dolları
məbləğində rüşvət vermələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan
rayon şöbəsinin müdiri Oktay Quliyevin və həmin şöbənin baş mütəxəssisi Yusif
Dadaşovun torpaq sahəsinin ayrılması üçün vətəndaşdan 10.0 min manat, Suraxanı
rayon İcra Hakimiyyəti başçısının Bülbülə inzibati ərazi vahidliyi üzrə
nümayəndəsi Nazim Dadaşovun həyətyanı torpaq sahəsinin ayrılması və həmin
torpaq sahəsinə aid sənəd verilməsi müqabilində vətəndaşdan 8.0 min manat, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı TSEK-in sədri İmran
Məmmədovun ömürlük əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 1.500
manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olub. 2013-cü ilin
I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100
cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə
göndərilib. Həmin cinayət işlərindən 1 şəxs barəsində 1 iş rüşvət vermə, 25
şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə
səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32
iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər
faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş
16 milyon 460.0 min manat ziyandan istintaq müddətində 7 milyon 961.0 min manat
və ya 48,4 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları
üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər
görülmüşdür.
Ölkəmizin dinamik
iqtisadi inkişafı nəticəsində ən müxtəlif formalarda təzahür edən korrupsiya
hüquqpozmalarının ilkin araşdırılması və istintaqı ayrı-ayrı istiqamətlər üzrə
aparıldığından idarənin Mütəxəssislər qrupunun əməkdaşları bu məqsədlə müxtəlif
sahələrlə bağlı digər şöbələrlə qarşılıqlı səmərəli fəaliyyət göstərmişlər. 2013-cü
ilin I yarımili ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları
tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Belə ki,
əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş
pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti
qurumlara təqdim edilmiş, həmçinin bir sıra hallarda vəzifəli şəxslər
tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin
pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi
müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanunun
23-cü maddəsinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir. Korrupsiyaya
qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq
hesabat dövrü ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq
qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin
daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir. Hesabat dövrü ərzində
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının
implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlıq genişləndirilmişdir.
Belə ki, Meksika
Birləşmiş Ştatları tərəfindən həmin Konvensiyanın bir sıra maddələrinin
implementasiyasını dəyərləndirəcək iki dövlətdən biri kimi Azərbaycan
Respublikası müəyyən edildiyinə görə cari ilin aprel-may ayları ərzində
sözügedən dövlətin özünü dəyərləndirmə hesabatının qiymətləndirilməsi üzrə iş
bölgüsü aparılmış, qeyd olunan həcmli hesabat idarənin əməkdaşları tərəfindən
öyrənilərək müxtəlif sual və qeydləri özündə əks etdirən ekspert rəyi
hazırlanmışdır. Hesabat dövrü ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
(OECD) ilə əlaqələr genişləndirilmiş, 3-7 iyun 2013-cü il tarixlərdə ərzində
Azərbaycan Respublikasının iştirakçısı olduğu təşkilatın Şərqi Avropa və
Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı
çərçivəsində həmin qurumdan, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət
nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə
olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti dövlət qurumları, qeyri-hökumət
təşkilatlarının Məlumat şəbəkəsinin nümayəndələri ilə səmərəli və işgüzar
görüşlər keçirmişlər. Həmin görüşlər zamanı ölkəmizin İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının (OECD) verdiyi tövsiyələrin yerinə yetirilməsi ilə
əlaqədar son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş
tədbirlər, ölkəmizdəki korrupsiyaya qarşı mübarizə səviyyəsinin mövcud durumu
və qarşıda duran institusional islahatlar və perspektivlər müzakirə edilmiş,
nümayəndə heyəti ilə geniş fikir mübadiləsi aparılmışdır. Keçirilmiş görüşlərdə
nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizədə fəallıq
göstərilməsinin zəruriliyi vurğulanmış, eyni zamanda son illərdə bu istiqamətdə
görülmüş işlər, həyata keçirilmiş qanunverici və praktiki tədbirlər, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin yaradılması və onun nəzdində “ASAN xidmət”
mərkəzlərinin fəaliyyətə başlaması, habelə
Baş prokuror
yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin bu sahədə fəaliyyətinin və
strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər
irəliləyişlər qeyd edilmişdir. Bundan əlavə, hesabat dövrü ərzində Avropa
Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) ilə
Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir. Belə
ki, qurumun Azərbaycan Respublikası üzrə 3-cü raund dəyərləndirmə hesabatında
verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Baş
prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları mütəmadi
olaraq həmin tövsiyələrin icrasını diqqətdə saxlamış və zəruri tədbirlərin
görülməsini təmin etmişlər. İdarə tərəfindən səlahiyyətli orqanlara məlumat
vermiş aktiv rüşvət verən şəxslərin cəzadan avtomatik və tam olaraq azad
edilməsi məsələsinə dair müvafiq normativ-hüquqi aktların layihələri
hazırlanmışdır. Hesabat dövründə Beynəlxalq Antikorrupsiya Orqanları
Assosiasiyası (İAACA) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, 12-14 aprel
2013-cü il tarixlərdə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş
prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA)
Prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan
Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində ölkələrimizin
prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini
müəyyənləşdirən “Anlaşma Memorandumu” imzalanmışdır. Çao Cianminq Beynəlxalq
Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) vitse prezidenti, Azərbaycan
Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovla görüşərək ölkələrimiz arasında
ədliyyə və məhkəmə-hüquq sistemi, həmçinin İAACA çərçivəsində gələcək
əməkdaşlığın istiqamətlərini müzakirə etmişlər.
Baş prokuror
yanında Korrupsiyaya qarşı mübarizə idarəsi korrupsiyaya qarşı mübarizə
sahəsində nəzəriyyə və praktikada mövcud çatışmazlıqların aradan qaldırılmasına
istiqamətlənmiş, mühüm elmi araşdırmalarla məşğul olan Beynəlxalq
Antikorrupsiya Akademiyası ilə də əməkdaşlığını uğurla davam etdirmiş, ötən
dövr ərzində idarənin əməkdaşları qurumun seminar və konfranslarında fəal
iştirak etmişlər. 2013-cü ilin I yarımilliyi ərzində İdarə tərəfindən həmçinin
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının Şərq
Tərəfdaşlığı çərçivəsində Demokratiya, yaxşı idarəçilik və Sabitlik üzrə
Birinci çoxtərəfli Platformanın nəzdində yaradılmış “Korrupsiyaya qarşı
mübarizə üzrə Panel”, Avropa İttifaqı (Aİ) ”“ Azərbaycan Əməkdaşlıq Komitəsi
çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan
hüquqları və demokratiya üzrə Alt Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə İdarə əməkdaşları həmin
istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və dəyirmi masalarda aktiv
iştirak etmişlər. İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində
qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm
verilmiş, Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, bu sahədə son
vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində
həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət
qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə
əlaqədar İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc
edilmişdir. Cari il iyulun 18-də dövlət başçısı cənab İlham Əliyevin Nazirlər
Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata
keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan
islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan
rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə
aparılması sahəsində vermiş olduğu göstərişlərə uyğun olaraq
Baş prokuror
yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bundan sonra da
korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və
cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli
mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir. Tədbirdə iştirak
edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya
qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə
idarəsinin 2013-cü ilin I yarımili ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər.
QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı
cavablandırılmışdır.



























































































