ABŞ-da büdcə BÖHRANI – Nə baş verir?

ABŞ-da büdcə BÖHRANI – Nə baş verir?

Hazırda oxunan: ABŞ-da büdcə BÖHRANI – Nə baş verir?

273751

Xəbər verdiyimiz kimi Konqres maliyyələşdirmə üçün müraciət müddətini qaçırıb və bu, ABŞ hökumətinin son 7 ildə ilk, Donald Tramp dövründə isə üçüncü dəfə fəaliyyətini dayandırmasına (shot down) səbəb olub.

Ağ Evin Büdcə İdarəsi qurumlara şatdaun planlarını işə salmağı əmr edib. Yüz minlərlə əməkdaş ödənişsiz məzuniyyətə göndərilib, bir çox xidmətlər dayandırılıb.

Vəziyyət niyə bu həddə çatdı?

Respublikaçılar və Demokratlar 2026-cı il seçkilərinə hazırlıq fonunda səhiyyə subsidiyaları ilə bağlı çıxılmaz vəziyyətə düşüb. İqtisadçılar xəbərdarlıq edirlər ki, üç həftəlik dayanma işsizlik səviyyəsini 4,3%-dən 4,7%-ə qaldıra bilər. Tramp kütləvi ixtisarların anonsunu verib ki, bu da nəticələri daha da ağırlaşdıra bilər.

Senatdakı respublikaçılar noyabrın 21-dək müvəqqəti maliyyələşdirmə üçün demokratlardan səkkiz səsə ehtiyac duyur. Demokratlar isə “Obamacare” proqramının genişləndirilməsi və digər prioritetlərin daxil edilməsini tələb edirlər. Hələlik hər iki tərəfin qanun layihələri lazımi dəstəyi qazana bilməyib. Əgər kompromis əldə olunmasa, yanvardan etibarən 20 milyon amerikalı daha yüksək sığorta haqları ilə üzləşə bilər.

Tramp rəqiblərini hədəf aldı

İlkin zərər görənlər arasında Demokratlar Partiyasının təmsilçiləri daha çoxdur. Belə ki, Donald Tramp administrasiyası Demokratların başcılıq etdiyi ştatlar üçün 26 milyard dollar vəsaiti dondurub.

Bu addımlar açıq şəkildə nümayiş etdirir ki, Donald Tramp hökumətin “şatdaunundan” siyasi rəqiblərini cəzalandırmaq və ABŞ Konstitusiyası əsasında Konqresə həvalə edilmiş 7 trilyon dollarlıq federal büdcə üzərində nəzarətini genişləndirmək üzrə öz təhdidlərini yerinə yetirmək niyyətindədir.
 

Bu, 1981-ci ildən bəri hökumətin fəaliyyətini dayandırması ilə bağlı 15-ci haldır və onun nəticəsində elmi tədqiqatlar, maliyyə nəzarəti, ətraf mühitin təmizlənməsi və bir sıra digər fəaliyyətlərdə fasilələr yaranır.


Qeyd edək ki, 35 gündən çox davam edən ABŞ hökumətinin fəaliyyətinin ən uzunmüddətli dayandırılması Donald Trampın birinci dövründə - 2018-2019-cu illərdə baş verib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, ABŞ-da hökumətin fəaliyyətini (government shutdown) dayandırması Konqresdə büdcə vəsaitlərinin vaxtında təsdiqlənməməsi nəticəsində baş verir:

“Bu, “partial shutdown” və ya tam bağlanma formasında ola bilər. Əgər bu, artıq rəsmi olaraq baş veribsə, nəticələr belə olacaq:

- Xidmətlər işləyəcək: Orduda xidmət, hava hərəkətinə nəzarət, fövqəladə tibbi xidmətlər, sərhəd təhlükəsizliyi və digər həyati sahələrdə fəaliyyət davam edir.

- Qeyri-zəruri xidmətlər dayanacaq. Muzeylər, milli parklar, bəzi dövlət ofisləri, mədəniyyət və sosial proqramların bir hissəsi bağlanır.

- Təxminən 2 milyona yaxın federal işçi məzuniyyətə göndərilir (furlough) və maaşları dayandırılır.

Bir çox dövlət qulluqçuları (məsələn, hava nəzarətçiləri, hərbçilər) işləməyə davam edir, amma maaşlarını yalnız hökumət yenidən açıldıqda ala bilirlər.

Sosial Təminat (Social Security), Medicare və Medicaid kimi proqramlar davam edir, çünki onlar ayrıca fondlardan maliyyələşir. Amma bəzi qida yardımı, uşaq dəstəyi və az gəlirlilərə yönəlik proqramlarda gecikmələr ola bilər.

Hər bağlanma ABŞ iqtisadiyyatına gündə yüz milyonlarla dollar zərər vurur.

Kredit bazarlarında qeyri-müəyyənlik yarana bilər. Şirkətlər hökumət sifarişləri və qrantlarının gecikməsi səbəbindən itkilərlə üzləşə bilərlər.

Xarici səfirliklərin fəaliyyəti qismən təsirlənə bilər. ABŞ-ın beynəlxalq imicinə zərbə dəyir – xüsusən də müttəfiqlər və investorlar gözləyir ki, hökumət uzun müddət işləmədən qalmasın”.

Müsahibimiz qeyd edir ki, adətən, Konqres razılığa gələn kimi işçilərə maaşlar ödəniləcək:

“İndi əsas sual budur ki, bu shutdown qısa müddətli olacaq (bir neçə gün), yoxsa uzunmüddətli böhrana çevriləcək? Bu, Konqresdə Respublikaçılar və Demokratların kompromisə gəlməsindən asılıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO