ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) (Tərkibinə “Amerikanın Səsi” radiosu və “Azadlıq Radiosu” daxil olan qurum) maliyyələşmədə yaranan fasilə səbəbindən müddətsiz bağlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
“USAGM-in ofisləri maliyyələşmənin dayandırılması ilə əlaqədar bağlanıb”, – agentlik bildirib.
Xatırladaq ki, oktyabrın 1-də ABŞ-da ölkə tarixində 22-ci, Donald Trampın prezidentliyi dövründə isə 4-cü hökumət “shutdown”u başlayıb.
Bu dəfə hökumət Senatda respublikaçılarla demokratlar arasında büdcə qəbulunda yaranan fikir ayrılığına görə müddətsiz olaraq fəaliyyətini dayandırıb. Məlumata görə, əsas mübahisə səhiyyə sisteminin maliyyələşməsi ilə bağlı olub. Tramp bildirib ki, administrasiyasının “başqa seçimi qalmayıb”.
Nəticədə dövlət qurumları vəsait xərcləyə bilmir, yüz minlərlə dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilir, fövqəladə xidmət əməkdaşları isə pulsuz işləməyə məcbur qalır.
Qeyd edək ki, Trampın ilk prezidentliyi dövründə də ABŞ tarixinin ən uzun “shutdown”u baş vermişdi. Bu, 35 gün davam etmişdi. Həmin vaxt ödənişsiz məzuniyyətdə olan çoxsaylı dövlət qulluqçuları ərzaq yardımı almağa məcbur qalmış, fövqəladə xidmət işçiləri isə kütləvi şəkildə xəstəlik vərəqəsi götürmüşdülər.
Bundan əvvəl “shutdown” səbəbindən Azadlıq Heykəlinin işıqlarının da söndürüldüyü barədə məlumat yayılmışdı.
Bizim.Media