Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova anası, Rusiyanın əməkdar incəsənət xadimi İrina Zaxarovanın rəsm əsərləri ilə bağlı danışıb.
Bizim.Media xəbər verir ki, Rusiya XİN rəsmisi “Ria Novosti”yə açıqlamasında bu barədə fikirlərini bölüşüb.
Diplomatın sözlərinə görə, onun üçün ən sevimli iş anasının 2011-ci ildə yaratdığı “Həyat ağacı” adlı pannodur. Əsərdə toxuculuq, yun və parça materiallarından istifadə olunub. Zaxarova bu əsərdəki kontrastlığı xüsusilə heyranverici hesab etdiyini vurğulayıb.
Mariya Zaxarova həmçinin sərginin hazırlanma prosesi barədə danışaraq, bir çox eksponatın birbaşa anasının bağ evindən gətirildiyini bildirib.
“Anam işləri üçün əlində olan hər bir vasitədən istifadə edirdi”, — deyə XİN rəsmisi onun yaradıcılıq üslubunu səciyyələndirib.
Qeyd edək ki, dünən İrina Zaxarovanın əsərlərindən ibarət sərginin açılışı baş tutub. Onun əsərləri Milli İncəsənət və Fotoqrafiya Muzeyində (“Mosfilm qalereyası”) nümayiş etdirilib.
Bizim.Media