ABŞ Prezidenti Donald Tramp yenə də Avropanı hədəf alıb. Belə ki, o və adminstrasiyası Rusiyanın Şərqi Avropa ölkələrinə dron hücumu və onlatın hava məkanını pozmasını qınamaq əvəzinə həmin region ölkələrini antirusiya mövqeyi tutmaqda ittiham edib.
Financial Times-ın yazdığına görə, Tramp adminstrasiyası hesab edir ki, Baltikyanı ölkələr Rusiyaya və onun prezidenti Vladimir Putinə qarşı həddən artıq aqressivdirlər. Onun dediyinə görə, adminstrasiyadan olan məmurlar Baltikyanı ölkə rəsmilərini Rusiyaya münasibətdə qarşıdurma siyasətini “ideoloji” motivlər üzərində qurmaqda ittiham ediblər. ABŞ həmçinin, Avropa xarici siyasətini həddən artıq “estonlaşmaqda” ittiham edib.
Görünən odur ki, Tramp Avropanın Rusiyaya qarşı həddən artıq aqressiv mövqe sərgiləməsini bəyənmir. Bu fonda Ağ Evdə səslənən ittihamlar Avropa üçün bir mesaj olmalıdır. Əks təqdirdə, ABŞ Rusiyaya qarşı mübarizədə çətin ki, Avropaya dəstək olsun.
ABŞ-ın bu mövqeyi Rusiyanı Avropaya hücum etməyə cəsarətləndirə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, yalnız ABŞ Avropadan tam üz döndərəcəyi təqdirdə, Rusiyanın “köhə qitə”yə doğru hücum etməsinə artıq heç bir maneə qalmayacaq:
“Avropanın Rusiya-Ukrayna qarşıdurmasındakı rolu hətta ABŞ-da belə birmənalı qarşılanmır. Amerikada Avropanı tutduğu mövqeyə görə qınayanlar çoxdur. Avropanın əsas günahı isə müharibənin dayanmasına etirazıdır. Avropa müharibənin dayanmasını istəmir və Ukraynanı dəstəkləməkdə davam edəcəklərini bildirir.
Trampın münasibəti isə odur ki, güclülər dəstəsi çox sıxdır. Burada ən azı ABŞ, Rusiya və Çin var və Tramp Aİ-ni bu sırada görmür. Odur ki, Trampa görə Avropa onun dediyini etməlidir”.
Belə vəziyyətdə isə politoloqun fikrincə, Rusiya Avropaya qarşı mübarizəyə doğru şirnikləndirilir:
“Rusiyanın hazırda yeni taktikadan istifadə etməsi də onun şirnikləndiyinin göstəricisidir. Rusiya Ukraynanın arxa cəbhəsinə ciddi zərbələr endirir. O baxımdan da Tramp həm Avropanı qınayır, həm də dolayısı ilə Rusiyaya dəstək göstərir. Hazırda isə Tramp Avropanı sərt tənqid etsə də, inanmıram ki, onun Rusiyanın caynağına da düşməsinə razı olsun. Belədə isə prosesdə daha təhlükəli məqamlar özünü göstərməyə başlayır ki, bu da Rusiyanın daha geniş şəkildə əl-qolunun açılmasına gətirib çıxarmaqla, dünya müharibəsinin işartılarını xatırladır”.
Rüfət Sultan, Bizim.Media