Rusiya Prezidenti Vladimir Putin İsrailin Suriyada “Hizbullah”a İran silahlarının çatdırılmasına qarşı həyata keçirdiyi aviazərbələrə şəxsən razılıq verib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail kəşfiyyat xidməti “Mossad”ın sabiq rəhbəri Yossi Koen özünün yeni nəşr olunan “Azadlıq qılıncı” adlı memuarlarında bildirib.
Onun sözlərinə görə, 2011-ci ildən bəri İsrail yüzlərlə hava hücumu həyata keçirərək İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livandakı “Hizbullah”a və digər müttəfiq qruplara müasir silah göndərişlərini əngəlləyib.
Bu illərdə İran Rusiyanın nə üçün müdaxilə etmədiyini, Suriyada özünün nəzarət etdiyi hava məkanında Tehran qüvvələrini niyə qorumadığını sorğulayırdılar.
Koenin yazdıqlarına görə, o, məsələni izah etmək üçün şəxsən Moskvaya gedib:
“Kremldə izah etdim ki, bu marşrutla daşınan silahlar SEPAH-ın və “Hizbullah”ın əlinə keçir. Putin fikirlərimi qəbul etdi, hər zərbə ərəfəsində qərargahlarımız arasında birbaşa əlaqə xəttinin qurulmasını təklif etdi və buna razılıq verdi”.
“Mossad”ın sabiq rəhbəri vurğulayıb ki, Moskvanın razılığı simvolik olmayıb, İsrailin Suriyada azad hərəkəti üçün həyati əhəmiyyət daşıyıb:
“Rusların S-300 və S-400 hava hücumundan müdafiə sistemləri var. Onlar otuz kilometr hündürlükdə uçan təyyarələri vura bilirlər. ABŞ-ın bizə verdiyi F-35 qırıcılarını riskə ata bilməzdik. Ona görə də bu razılıq mütləq idi”, – deyə Koen qeyd edib.
Bizim.Media