Şərqi Avropada yeni savaş ALOVLANIR – III Dünya Müharibəsinə bir addım QALDI...

Şərqi Avropada yeni savaş ALOVLANIR – III Dünya Müharibəsinə bir addım QALDI...

Hazırda oxunan: Şərqi Avropada yeni savaş ALOVLANIR – III Dünya Müharibəsinə bir addım QALDI...

267313

Xəbər verdiyimiz kimi avqustun 25-də Finlandiyada Avropa və ABŞ hərbçilərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb. Təlimlər sentyabrın 12-dək davam edəcək.

Hərbi manevrlərdə təxminən 1,6 min hərbçi iştirak edir. Təlimlər ölkənin quru, dəniz və hava məkanını əhatə edir. Finlandiya quru qoşunlarının yaydığı məlumata əsasən, “Utti” yeqer alayı “Southern Griffin 25” adlı beynəlxalq xüsusi təyinatlı qüvvələrin təlimlərini keçirəcək.

Təlimlərə ABŞ və Avropa ölkələrinin xüsusi təyinatlı qüvvələri, həmçinin müxtəlif qurumların nümayəndələri cəlb olunub.

Proqram çərçivəsində NATO ölkələrinin xüsusi təyinatlı qüvvələrinin Şimali Avropa şəraitində birgə əməliyyat imkanları sınaqdan keçiriləcək.

Bununla paralel Belarusun Qrodno vilayəti yaxınlığında “Brave Griffin 25-II” (Xoruzqıran 25-II) adlı sahə-taktiki hərbi təlimlərə start verilib. Bu barədə isə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, 25–29 avqust tarixlərində ölkənin cənub-şərqində Litva Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus “Zemaitija” piyada briqadasının sahə-taktiki təlimləri keçiriləcək.

Bu təlimlər nəyə hesablanıb?

Həm Finlandiyada, həm də Litvada başlanan hərbi təlimlər barədə beynəlxalq ekspertlərin ümumi fikri belədir ki, bütün bunlar Rusiyaya qarşı bir əzələ nümayişidir. Çünki Rusiya bütün sanksiya və təzyiqlərə baxmayaraq hələ də Qərb qarşısında duruş gətirir. Bu isə həm ABŞ-da, həm də Avropa ölkələrində qıcıq yaradır. Ona görə də həmin ölkələr bu dəfə Rusiyaya qarşı hərbi güclərini birləşdirmək istəyirlər.

Təsadüfi deyil ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparıb.

Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, Tramp Avropa liderlərini Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların nəticələri barədə məlumatlandırıb.

Və bildirilib ki, Alyaska görüşündə arzulanan razılıq əldə olunmayıb.

Ona görə də Qərbin Rusiyaya qarşı daha sərt tədbirlər görmək istəyi gündəmə gəlib.

Bunun üçün də bəzi NATO ölkələri bir araya gəlib, müəyyən müzakirələr aparılıb. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Cozef Holstedin son bəyanatında bildirilib ki, sözügedən müzakirələr avqustun 19–20-də Vaşinqtonda keçirilib. Görüşdə ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynadan olan hərbçilər iştirak ediblər.

Holsted bu planların Ukraynada “sülhün əldə olunması məqsədilə” hazırlandığını qeyd edib.

Moskva bəyanatlara inanmır.

Nəzərə alaq ki, Qərbin təşəbbüsləri qarşısında Rusiya kifayət qədər təmkinli görünür. İstər Trampın xəbərdarlığı və istərsə də ortaya qoyulan hərbi plan hazırlıqları rəsmi Moskvanı o qədər də narahat etməyib. Bu da səbəbsiz deyil. Çünki Rusiya lideri dəfələrlə deyib ki, “biz Ukraynaya qarşı yox, Qərbə qarşı vuruşuruq”. Yəni dəyişən bir şey yoxdur.
 

Bununla belə Rusiya və Belarus sərhədlərindəki təlimlər vəziyyətin gərginləşmə ehtimalını artırır. Üstəlik, heç kimə sirr deyil ki, NATO-Rusiya qarşıdurmasının aktiv fazaya keçməsi III Dünya Müharibəsi deməkdir.


Bəzi siyasi ekspertlər hesab edirlər ki, Qərbin hərbi təlimləri və silsilə bəyanatlar Rusiyanın Ukraynadakı uğurlu əməliyyatlarını dayandırmağa hesablanıb. Başlanan təlimlər məcbur edəcək ki, Rusiya Finlandiya və digər Avropa ölkələri ilə sərhəddə yeni hərbi kontingent göndərsin. Bu əraziyə ən yaxın bölgə isə Ukraynadır. Ehtimal edilir ki, Rusiya Ukraynadakı ordu birləşmələrinin bir hissəsini çıxarıb Qərb bölgəsinə göndərəcək. Nəticədə Ukraynada qüvvələr balansı normallaşacaq.

Üstəlik belə bir addım atılacağı təqdirdə Qərb Ukraynanı yenidən silahlandırmaq üçün əlavə vaxt qazanacaq.

Təsadüfi deyil ki, Ağ Evə yaxın mənbələr də müharibə ritorikasını xeyli gücləndirib.

Məsələn, ABŞ-ın nüfuzlu “Politico” nəşri kəşfiyyat mənbələrinin təhlilinə istinad edərək, dünyanın yeni silahlı münaqişələr astanasında olduğu barədə xəbərdarlıq yayıb. Məqalədə “yeni qlobal alovlanmaların ehtimalı düşündüyünüzdən daha yüksəkdir” deyə qeyd olunub.

Nəşr yazır ki, gələcək beş il ərzində ən azı beş potensial müharibə ocağı diqqətlə izlənilməlidir.

Rusiya–Baltik ölkələri gərginliyi

Başlanan hərbi təlimlər və səslənən bəyanatlar göstərir ki, Ukrayna müharibəsinin fonunda Baltik regionunda vəziyyət daha da gərginləşib. Litva və Finlandiya NATO üzvləri olduqları üçün Rusiyanın hər hansı hərbi addımı birbaşa Alyansla toqquşma deməkdir.
 

“Politico” yazır ki, Moskvanın “təxribatçı davranışları” yaxın illərdə Baltik dənizi ətrafında yeni münaqişə ocağı yarada bilər.


Bütün bunlarsa onu sübut edir ki, Qərb Ukraynada müharibənin sonlanmasını istəmir. Əksinə müharibənin digər Şərqi Avropa dövlətlərinə yayılmasına çalışır.

Surxat Atakişiyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO