Avtomobil dünyasında maraqlı əməkdaşlıq gündəmdədir.
Bizim.Media xəbər verir ki, Mercedes-Benz 2027-ci ildən etibarən BMW-nin dörd silindrli benzin mühərriklərindən istifadə etməyi planlaşdırır.
Məlumata görə, razılaşma BMW-nin 2.0 litrlik turbo B48 mühərrikini əhatə edəcək. Bu mühərrik həm plug-in hibrid, həm də range-extender sistemlərinə uyğunlaşdırıla bilir və yeni Euro 7 ekoloji tələblərinə cavab verir.
İstehsalın ilk mərhələdə BMW-nin Avstriyanın Steyr şəhərində yerləşən zavodunda aparılması nəzərdə tutulur. Sonrakı dövrdə ABŞ-da da istehsal variantı gündəmdədir.
BMW mühərrikləri ilə təchiz ediləcək Mercedes modellərinin siyahısında CLA, GLA, GLB, C-Class, E-Class, GLC və yaxın illərdə təqdim ediləcək "Little G" kompakt ofrouder var.
Qeyd edək ki, Mercedes-in yeni M252 mühərriki mild-hibrid sistemlər üçün uyğun olsa da, plug-in hibrid və range-extender tələblərinə cavab vermir. Bundan başqa, Çində istehsal olunduğu üçün ABŞ bazarına ixrac zamanı tarif problemləri yarana bilər.
Ekspertlər bildirirlər ki, bu əməkdaşlıq Mercedes-Benz-ə tədqiqat və inkişaf xərclərini azaltmağa, hibrid modellərin çeşidini artırmağa və Euro 7 normativlərinə cavab verməyə imkan verəcək.
BMW isə əlavə gəlir və istehsal həcmlərinin artımı ilə yanaşı, rəqib markaya mühərrik təchiz etməyin prestijini qazanacaq.
Rəsmi açıqlamanın 2025-ci ilin sonuna qədər verilməsi gözlənilir. (Milli.az)
Bizim.Media