ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşəcək. İki liderin görüşündə əsas müzakirə mövzusu isə Rusiya-Ukrayna müharibəsi və münaqişənin dayandırılması yolları olacaq.
Bəs sözügedən görüşdən tərəflərin gözləntiləri özünü doğruldacaqmı?
Rusiyalı politoloq Mixail Neyzmakov və Amerikalı təhlükəsizlik eksperti İrina Tsukerman mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüblər.
Rusiyalı politoloq Mixail Neyzmakov hesab edir ki, Alyaska sammitində müharibənin həlli istiqamətində yekun nəticələr əldə olunması çətin görünür:
“Böyük ehtimalla, görüş zamanı yalnız mövqelərin növbəti dəfə yoxlanılması baş verəcək. Tramp da danışıqların məqsədini məhz ‘yoxlama’ kimi dəyərləndirib. Tez-tez güman edilir ki, dövlət başçıları səviyyəsində keçirilən görüşlər öncədən bütün kəskin məqamların aradan qaldırıldığı anlamına gəlir. Lakin əksər hallarda bu belə olmur. Düşünürəm ki, Alyaska danışıqlarından sonra nə hərbi əməliyyatların tam dayandırılması, nə də yaxın perspektivdə Rusiyaya qarşı sanksiyaların yumşaldılması barədə açıqlama veriləcək.”
Neyzmakova görə, ən yaxşı halda, görüşdən sonra iki lider münaqişənin həlli ilə bağlı müəyyən ortaq məqamlar tapdıqlarını bəyan edə bilərlər. Lakin bu, gələcək danışıqların sürətlə irəliləyəcəyinə zəmanət vermir. O əlavə edib ki, Kremlin də bu sammitdən yüksək gözləntiləri yoxdur və ən çoxu Vaşinqtonun yeni sanksiyaların tətbiqini təxirə salmasına ümid edir.
ABŞ–Rusiya–Çin rəqabətinin kəsişdiyi nöqtə
Amerikalı təhlükəsizlik eksperti İrina Tsukerman isə görüşün daha geniş geosiyasi kontekstdə qiymətləndirilməli olduğunu bildirir:
“Tramp–Putin görüşü postsovet məkanında ABŞ–Rusiya–Çin rəqabətinin, daxili siyasi narrativlərin və hüquqi reallıqların kəsişdiyi mürəkkəb bir səhnədir. Prezident Zelenskinin görüşdə iştirak etməməsi prosesdə assimetriya yaradır və ABŞ-ın Ukraynanın taleyi ilə bağlı qərarları Kiyevin iştirakı olmadan verə biləcəyi təəssüratını gücləndirir. Halbuki Zelenskinin diplomatik fəallığı Ukraynanı passiv obyekt deyil, strateji aktor kimi göstərir.”
Ekspertin sözlərinə görə, Rusiya Ukraynanı öz regional təsir dairəsinin əsas elementi kimi görür, ABŞ isə Kiyevi dəstəkləməklə yanaşı Moskvanı mövqeyindən yayındırmağa çalışır. Çin isə Mərkəzi Asiyada təsirini genişləndirməyə yönəlir. Alyaska görüşü həm də Pekinə və Moskvaya Vaşinqtonun təsir imkanları və müttəfiqlik öhdəlikləri barədə siqnal xarakteri daşıyır.
Tsukerman əlavə edir ki, Ağ Ev əvvəlcə atəşkəs ümidlərini artıran mesajlar versə də, Ukrayna qanunlarının məhdudiyyətləri, cəbhə reallıqları və Moskvanın strateji məqsədləri fonunda ritorikasını yumşaldıb. Uitkoffun Putinin niyyətlərini həddindən artıq optimist dəyərləndirməsi isə ABŞ daxilində həm nikbin, həm də skeptik reaksiyalara səbəb olub.
Cəbhədə vəziyyətin gərgin qalması, Rusiyanın hücumlarını davam etdirməsi danışıqlara həm təciliyyət, həm də məhdudiyyətlər gətirir.
Bütün bunlar Alyaska görüşünü dərhal razılaşma əldə etməkdən çox siyasi siqnal platformasına çevirir.
“Sammit hüquq, suverenlik, strateji rəqabət və şəxsi yanaşmaların kəsişdiyi bir nöqtədir. Zelenskinin kənarda qalması, Ağ Evin dəyişən mesajları, cəbhə reallıqları və ABŞ–Rusiya–Çin üçbucağındakı rəqabət prosesin siqnal xarakterini ön plana çıxarır. Tramp və Vitkoffun Rusiyaya uyğun interpretasiya çərçivəsi NATO-nun birliyini zəiflədə, Avropada Vaşinqtona olan etimadı sarsıda bilər. Çin isə bu vəziyyəti öz regional ambisiyaları prizmasından izləyir”, - deyə Tsukerman bildirib.
Ekspertin fikrincə, əgər ABŞ Ukrayna qanunlarını kənara qoyaraq və ya Rusiya maraqlarına uyğun razılaşmaya getsə, bu, Çini Mərkəzi Asiyada daha cəsarətli addımlar atmağa sövq edə bilər. Əksinə, sərt mövqe postsovet sərhədlərinin birtərəfli qaydada dəyişdirilməsinin qəbuledilməz olduğu prinsipini möhkəmləndirər.
Tehran Orucoğlu, Bizim.Media