Avstraliya-nın eSafety tənzimləyici qurumu YouTube platformasının da “Online Safety Amendment” (Onlayn Təhlükəsizlik Əlavəsi) qanununun təsir dairəsinə daxil edilməsini təklif edib. Bu isə 16 yaşdan aşağı uşaqların sosial platformalarda qeydiyyatına məhdudiyyət qoyulması deməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Register” nəşri məlumat yayıb.
Qeyd edək ki, ilkin mərhələdə bu siyahıya TikTok, Facebook, Snapchat, Instagram, Reddit və X (əvvəlki Twitter) daxil edilmişdi.
Lakin YouTube bu siyahıda yer almamışdı. Yeni onlayn təhlükəsizlik naziri Anika Uells ilə aparılan məsləhətləşmələrdən sonra eSafety bildirib ki, YouTube da istifadəçilərdə asılılıq yarada bilən və zərərli məzmunlara çıxışı asanlaşdıran oxşar mexanizmlərdən istifadə edir.
Google bu təklifə sərt şəkildə etiraz edərək, YouTube-un təhsil baxımından əhəmiyyətini və sözügedən qanunun bu platformanı əhatə etmədiyini bildirib. Buna cavab olaraq, eSafety komissarı Culi İnman Qrant qeyd edib ki, YouTube da digər sosial şəbəkələr kimi eyni riskləri daşıyır.
Araşdırmalar göstərib ki, 10-15 yaş arası yeniyetmələrin 70 faizi YouTube-da zorakılıq, irqçilik, təhlükəli çağırışlar və qida pozuntularını təbliğ edən destruktiv məzmunlarla qarşılaşır.
Maraqlıdır ki, qanun uşaqların valideyn hesabları vasitəsilə YouTube-dan tədris məqsədilə istifadəsini qadağan etmir. Buna görə də, tənzimləyici qurum qanunun uşaqları zərərli məzmundan tam qoruyamayacağını etiraf edir.
Bizim.Media