Bu gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə qarşı kütləvi hücum həyata keçirib. Hücum zamanı həm pilotsuz uçuş aparatlarından (PUA), həm də raketlərdən istifadə olunub. Hücum nəticəsində şəhərin müxtəlif rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, paytaxtın 7 rayonunda dağıntılar qeydə alınıb. Bəzi çoxmərtəbəli binalarda və fərdi yaşayış evlərində qismən dağıntılar və yanğınlar baş verib.
Bundan əlavə, avtomobillər və anbar binaları da alışıb. Yanğınlar və dağıntıların aradan qaldırılması istiqamətində fövqəladə xidmətlər işlərini davam etdirir.
Şəhər sakinlərinə sığınacaqlarda qalmaq, səslənən hava hücumu siqnallarına ciddi əməl etmək, dağıntı baş vermiş ərazilərdən uzaq durmaq və rəsmi məlumatları izləmək tövsiyə olunur.
Rusiya ordusunun son həftələrdə Ukraynanın enerji infrastrukturuna, mülki obyektlərinə və şəhərlərinə qarşı hücumlarının intensivliyi artmaqdadır. Bu hücumlar beynəlxalq ictimaiyyət tərəfindən mülki əhalinin təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirilir.
Bizim.Media