Rusiya Ukraynanı tamamilə məhv etmək istəyir, bu səbəbdən də nə normal sülh danışıqlarında, nə də müharibənin bitməsində maraqlıdır.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirib.
İnstitut Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin son bəyanatlarını təhlil edərək bu nəticəyə gəlib.
Medvedevin sözlərinə görə, İstanbul danışıqları Rusiya üçün “tezliklə qələbə qazanmaq və Ukrayna hakimiyyətini tamamilə məhv etmək” məqsədi daşıyır və heç bir kompromis sülh nəzərdə tutulmur.
ISW analitikləri həmçinin Kremlin sözçüsü Dmitri Peskovun bəyanatlarına da diqqət yetiriblər. O, dünən deyib ki, Rusiya tərəfindən təklif olunan İstanbul Memorandumu “müharibənin əsas səbəblərinin aradan qaldırılmasına” yönəlib və növbəti danışıqlardan “ani nəticələr” gözləməyə dəyməz.
Peskov həmçinin bildirib ki, Putin ilə ABŞ və Ukrayna prezidentləri – Donald Tramp və Volodimir Zelenskinin görüşü hələlik gözlənilmir, çünki belə bir görüş üçün bir sıra şərtlər yerinə yetirilməlidir.
ISW vurğulayır ki, Rusiya nümayəndə heyəti danışıqlarda iştirak etsə də, Moskvanın Ukraynaya qarşı müharibəni dayandırmaq üçün irəli sürdüyü tələblər üzrə heç bir kompromisə hazır olduğunu göstərmir.
İnstitut qeyd edir ki, Rusiya Ukraynanın tam kapitulyasiyasına nail olmaq niyyətindən əl çəkməyib və bu, Kreml rəhbəri Ukrayna üzərində hərbi qələbəyə inandığı müddətcə davam edəcək.
Xatırladaq ki, iyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu keçirilib. Tərəflər hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsi və həlak olanların cəsədlərinin təhvil verilməsi ilə bağlı razılığa gəliblər.
Rusiya tərəfi cəsədlərin dəyişdirilməsi üçün 3 günlük atəşkəs təklif edib, Ukrayna isə ən azı 30 günlük tam atəşkəs tələb edir.
Bizim.Media