Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin, Volodimir Zelenski və Donald Tramp arasında yaxın vaxtlarda görüşün keçirilməsi real görünmür.
Bizim.Media xəbər verir ki, Kremlin nümayəndəsi bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Prezident Putin dialoq ideyasını dəstəkləyir, lakin hesab edir ki, belə bir görüş yaxşı hazırlanmalıdır”, – deyə o, əlavə edib.
Peskovun sözlərinə görə, bu cür görüşlər yalnız texniki və ekspert səviyyəsində hazırlanmış razılaşmaların nəticəsi olaraq baş tuta bilər.
Qeyd edək ki, bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlardan sonra Putin və Zelenski arasında zirvə görüşünün təşkili ilə bağlı təşəbbüslə çıxış etməyi planlaşdırdığını bildirib.
Ərdoğan həmçinin istisna etməyib ki, bu görüşdə ABŞ prezidenti Donald Tramp da iştirak edə bilər.
Ağ Evdən verilən məlumata görə, Ağ Evin sahibi belə danışıqlarda iştirak etməyə hazırdır.
Bizim.Media