Ukrayna mühəndisləri, İran istehsalı olan “Şahed” tipli kamikadze dronlara qarşı mübarizə aparmaq üçün yeni hücum dronları üzərində işləyirlər. Bu dronlar hava hücumundan müdafiə raketləri kimi fəaliyyət göstərir, düşmən hədəfinə yaxınlaşaraq partlayır və yaratdığı qəlpələrlə onu məhv edir.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.
Mövzuya Ukraynanın strateji sənaye sahələri üzrə nazirinin müşaviri Aleksandr Kamışin münasibət bildirib.
Onun sözlərinə görə, bu tip hücum dronlarını üç müxtəlif istehsalçı hazırlayır.
Hər bir belə dronun hazırkı dəyəri təxminən 5 min dollar təşkil edir. Amma mütəxəssislər gələcəkdə bu texnologiyanın daha da ucuzlaşacağını və bir ədədinin qiymətinin 300 dollara qədər düşə biləcəyini istisna etmirlər.
Qeyd edək ki, hazırda ukraynalı konstruktorlar müxtəlif modellər üzərində işləyirlər:
Sabit qanadlı dronlar, hədəfə birbaşa toqquşaraq onu məhv edir.
FPV modelləri xüsusi olaraq hava hədəflərinin tutulması üçün modifikasiya olunub.
Qeyd olunur ki, bu cür modernləşdirilmiş FPV dronları "Skyfall" şirkəti hazırlayır. Artıq bu modellərdən cəbhədə istifadə olunur.
Yeri gəlmişkən, bu tip dronlar təkcə Ukraynada deyil, Avropada da hazırlanır. Belə ki, Latviyanın "Origin Robotics" şirkəti bu ilin iyun ayında Ukraynaya sınaq məqsədli “partlayıcı dronlar” göndərməyi planlaşdırır. Bu dronlar düşmən pilotsuz uçuş aparatlarına yaxınlaşaraq partlayır və yaratdığı qəlpələrlə onları sıradan çıxarır.
Şirkətin baş direktoru Aqris Kipurs Riqada keçirilən pilotsuz texnologiyalara dair konfrans zamanı qeyd edib ki, döyüş başlığı hədəfə yetərincə yaxınlaşan kimi partlayır və hədəf qəlpələrlə məhv edilir.
Onun sözlərinə görə, bu dronlar böyük və ağır baraj sursatlarına qarşı mübarizə üçün xüsusi olaraq dizayn edilib.
Ekspertlər vurğulayır ki, bu texnologiya iqtisadi baxımdan Ukrayna üçün çox sərfəlidir, lakin hələlik hava hücumundan müdafiə sistemlərini tam əvəz edə bilmir. Bundan əlavə, bu dronların da öz məhdudiyyətləri də var. Sürətli və dağıdıcı rus raketlərinə qarşı təsirli deyillər, çünki bu raketlər “Şahed”lərdən daha sürətli və güclüdür.
Bizim.Media