“İstanbul danışıqları prosesini başa çatdırmaq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirmək mümkün ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andriy Sibiqa ilə Kiyevdə keçirdiyi mətbuat konfransı zamanı deyib.
O, Rusiya və Ukraynanın iyunun 2-də İstanbul raundunda danışıqların texniki mərhələsini başa vura biləcəyinə ümid etdiyini bildirib:
"İndi İstanbulda bərpa olunan danışıqlar həqiqətən vacibdir. Biz hesab edirik ki, tərəflər danışıqlar masası arxasında olduqları müddətdə mütləq irəliləyiş gözlənilir. Əvvəlki görüşdə konkret nəticə əldə olundu - əsirlərin mübadiləsi. Tərəflər atəşkəslə bağlı mövqelərini tarazlaşdırmaq barədə də razılığa gəldilər. Bu, həqiqətən də irəliləyişdir.
Növbəti mərhələdə, xüsusilə uzunmüddətli atəşkəsin həyata keçirilməsi üçün liderlərin görüşünün keçirilməsi çox yaxşı olardı”.
Bizim.Media