“Vaşinqton artıq Kiyevdən sülh sazişinə dair şərtlərin siyahısını alıb, Moskvadan da eyni addımın atılmasını gözləyir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogg bildirib.
“Biz sülh danışıqlarının Vatikanda keçirilməsini təklif etdik, amma ruslar buna razı olmadılar,” – deyə Kellogg vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hələlik masaya oturmağa hazır deyil və bu səbəbdən ABŞ Rusiyaya təzyiqləri davam etdirməlidir. Kellogg əlavə edib ki, danışıqlara gətirib çıxaracaq yeganə yol – hərtərəfli beynəlxalq təzyiq və diplomatik təcriddir.
Xüsusi nümayəndə onu da qeyd edib ki, Rusiya ilə Qərb arasında güvən qırılıb və bu vəziyyətin bərpası üçün tərəflərin bir-birinə real təkliflər təqdim etməsi zəruridir.
Kellogg Türkiyənin son aylarda münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüsləri də yüksək qiymətləndirib. Ankarada bir neçə dəfə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında qapalı formatda təmaslar baş tutub. Türkiyə bu danışıqlarda vasitəçi rolunu oynayıb, xüsusən də humanitar məsələlər, əsir mübadiləsi və taxıl sazişinin uzadılması ilə bağlı nəticələr əldə olunub.
Bununla belə, Kellogg qeyd edib ki, bu cür texniki görüşlərə baxmayaraq, siyasi səviyyədə əsaslı irəliləyiş qeydə alınmayıb. “Vatikan formatı daha neytral, dini və siyasi baxımdan qərəzsiz bir müstəvidə baş verə bilərdi,” – deyə o əlavə edib.
Xatırladaq ki, Tramp administrasiyası sülh prosesinə özəl nümayəndə təyin etməklə Ukrayna münaqişəsinin diplomatik yolla həllinə yenidən start vermək niyyətindədir. Lakin Rusiya tərəfinin passiv mövqeyi bu səyləri çətinləşdirir.
Beynəlxalq müşahidəçilər bildirirlər ki, Trampın 2024-cü il prezident seçkilərində qalib gəlməsindən sonra ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklər baş verib və bu, xüsusilə Ukrayna-Rusiya müharibəsinin nizamlanmasına yönəlib. ABŞ daha sərt şərtlərlə barışıq istəyir, lakin bunun reallaşması üçün Moskvanın mövqeyində dəyişiklik olmalıdır.
Bizim.Media