Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Tver vilayəti üzərində “təsadüfən” sərnişin təyyarəsinə atəş açıblar. Hadisə nəticəsində təyyarəyə zərər dəyməyib.
Bizim.Media xəbər verir ki, bu barədə rusdilli “Telegram” kanalları məlumat yayıblar.
Məlumata görə, insident Rusiya HHM sistemləri tərəfindən tanınmayan bir hədəfə qarşı açılmış atəş nəticəsində baş verib. Lakin sonradan məlum olub ki, hədəf adi sərnişin təyyarəsi imiş. Təyyarəyə zərər dəymədiyi, təhlükəsizlik tədbirləri çərçivəsində dərhal hadisə yerindən uzaqlaşdırıldığı bildirilir.
Rəsmi mənbələr tərəfindən insident hələ ki şərh olunmayıb. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub – bir çox istifadəçi belə bir səhvin necə baş verə bildiyini və havada mülki obyektlərin qorunmasının hansı səviyyədə olduğunu sual altına alır.
Bəzi məlumatlara görə, Tver bölgəsində həmin vaxt Rusiya hərbi qüvvələri tərəfindən təlimlər keçirilirmiş və atəş açılması bu təlimlər çərçivəsində baş verib. Təlim zamanı hava hədəflərinin müəyyən edilməsi və vurulması ssenarisi həyata keçirilirmiş. Lakin nədənsə sistemlər real sərnişin təyyarəsini təhdid kimi qiymətləndirib.
Bu cür hadisələr bir daha göstərir ki, mülki hava nəqliyyatının təhlükəsizliyi hərbi strukturların diqqət mərkəzində olmalıdır və identifikasiya sistemləri təkmilləşdirilməlidir.
Hadisənin dəqiq səbəbləri və nəticələri ilə bağlı əlavə araşdırma aparılacağı gözlənilir.
Bizim.Media