Dövlət Dumasının əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin rəhbəri Yaroslav Nilov əcnəbilərə birdən çox abunəçi nömrəsinin olmasını qadağan edən qanun layihəsi hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Əcnəbilərin birdən çox abunəçi nömrəsinə sahiblik hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı qanun layihəsi ölkədə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımdır. O, milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib.
Bu qanun layihəsinin qəbulu bizə müasir çağırış və təhdidlərə effektiv cavab verməyə, xarici vətəndaşların kommunikasiyalarına nəzarəti təmin etməyə imkan verəcək”, - deyə deputat bildirib.
Nilovun sözlərinə görə, qloballaşma və əhalinin mobilliyinin artması şəraitində təhlükəsizlik məsələsi xüsusilə aktuallaşır:
“Terrorizm, casusluq, fırıldaqçılıq, kibercinayətlərlə bağlı artan təhdidləri nəzərə alaraq, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin SİM kartlara sahiblik hüququnun məhdudlaşdırılması üçün tədbirlər görmək lazımdır.
Qanunun hazırkı redaksiyasında həmin şəxslərin 10-a qədər SİM kartı ola bilər ki, bu da əhəmiyyətli rəqəmdir, bu rəqəmi daha da azaltmaq lazımdır”, - deyə deputat bildirib.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən əcnəbilərin öz adına 10-dan çox abunəçi nömrəsini qeydiyyatdan keçirməsinə qadağa qüvvəyə minib.
Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər telekommunikasiya operatorları ilə yalnız ofislərdə şəxsən şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdə və biometrik məlumatlarını təqdim etməklə müqavilə bağlaya bilərlər.
Bizim.Media