Tammiqyaslı işğalın əvvəlində Ukraynanın müdafiəsinə qalxan şoumen, məşhur ukraynalı aparıcı, "Dizel Şou"nun sabiq aktyoru Maksim Nelipa müharibədə həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu acı xəbəri “Dinamo Kiyev” futbol klubunun baş direktor müavini Maksim Radutski öz Facebook hesabında açıqlayıb.
Onun sözlərinə görə, Maksim Nelipa 2025-ci il mayın 12-də həlak olub.
“Artıq Maks yoxdur”, – deyə Radutski yazıb.
Nelipanın ölümü ilə bağlı televiziya aparıcısı Yelena Filonova da sosial şəbəkədə paylaşım edib:
“Döyüşdə həmkarımız, televiziya aparıcısı Maks Nelipa həlak oldu. Bu, çox ağır itkidir. Yaxınlarına və ailəsinə səmimi başsağlığı verirəm. Maks, sənin təbəssümün yaddaşımızda əbədi qalacaq. Ruhun şad olsun, dost. Qəhrəmana eşq olsun,” – deyə Filonova Facebook-da yazıb.
Qeyd edək ki, Maksim Nelipa 2022-ci ilin yazında – Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalının əvvəlində könüllü olaraq ölkəsinin müdafiəsinə qalxmışdı. O, ön cəbhədə yaralanmış və bir neçə əməliyyat keçirmişdi. Bu barədə onun qardaşı Andrey Nelipa məlumat vermişdi.
“Müalicə aldığı xəstəxana lazım olan hər şeyi təmin edir və həkimlərə böyük minnətdarlığımız var. Heç bir narazılığımız yoxdur. Hal-hazırda ona daha bir əməliyyat edilib, istirahət edir, ruhu yüksəkdir. Nə baş verəcək, demək hələ tezdir – müalicə prosesi uzun olacaq. Dişlərinə protez qoyulmalıdır, bunun üçün maliyyə çatmır. Ümid edirəm, bütün bunların öhdəsindən gələcək və tezliklə xidmətə qayıdacaq,” – deyə qardaşı bildirmişdi.
Böyük müharibədən əvvəl Maksim Nelipa "Xto tam?" və "Pıdyomu" verilişlərinə aparıcılıq edirdi. O, həmçinin məşhur “Ulduzlarla Rəqs” layihəsində Yelena Şoptenko ilə cütlük şəklində iştirak etmişdi. Daha sonra “Dizel Şou” komandasına qoşulmuşdu.
Bizim.Media