“Putin hələ də döyüş meydanında hərbi qələbəyə nail ola biləcəyinə inanır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı politoloq Maksim Yali deyib.
İstanbulda planlaşdırılan Rusiya-Ukrayna nümayəndələrinin görüşünü şərh edən Yali, danışıqların ciddi nəticələr yaradacağına ümid etmədiklərini bildirib.
“Ona görə də vaxtı uzadırlar və danışıqlar başlasa belə, uzun müddət davam edəcək. Bunu artıq son iki ayda ABŞ və Rusiya arasında aparılan nəticəsiz danışıqlardan görürük. Ərdoğanın yenidən vasitəçi kimi səhnəyə qayıtdığını da görürük.
Xatırladığımız kimi, 2022-ci ildə də danışıqlar İstanbulda baş tutmuşdu. Buna görə də, yuxarıda sadaladığım səbəblərdən bu danışıqların nəticə verəcəyinə ümidlər azdır. Burada həm ABŞ, həm də digər böyük geosiyasi oyunçuların təsiri var. Onlar sülhməramlı mövqelərini əldə etmək istəyirlər. Səudiyyə Ərəbistanında da Rusiya və Ukrayna arasında danışıqlar nəticəsiz olmuşdu.”, - deyə M.Yali əlavə edib.
Yali əlavə edib ki, Rusiyanın müharibə zamanı ələ keçirdiyi Ukrayna torpaqlarından çəkilmək istəməməsi, Ukraynanın isə Rusiyaya torpaq vermək niyətində olmaması danışıqları uzadacaq əsas amildir:
“Əgər görüş baş tutarsa, o da daha aşağı - müşavirlər səviyyəsində olacaq. Böyük ehtimalla görüşün iştirakçıları Rusiya tərəfdən Uşakov, Ukrayna tərəfdən isə Prezident Aparatının üzvləri olacaq. Hər şey nümayəndəlik səviyyəsindən asılıdır. Mən bu görüşün mümkün nəticələri ilə bağlı çox şübhəliyəm, çünki dediyim kimi, tərəflərin mövqeləri çox fərqlidir”, - deyə M.Yali əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media