“Bakıya rəsmi vasitəçi kimi baxıldıqda, əlbəttə ki, Bakı bu cür vasitəçilik üçün əla imkanlara malikdir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
Qrevtsova hesab edir ki, Bakının həm Kiyev, həm də Moskva ilə yaxşı diplomatik münasibətləri var.
“Bu səbəbdən tərəfsiz vasitəçilik üçün münaqişə tərəfləri danışıqlar məkanı kimi Azərbaycanın vasitəçiliyindən məmnun olar. Bakı həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malikdir. Bakı artıq yüksək səviyyədə müxtəlif tədbirlər və görüşlər keçirməkdə ciddi təcrübəyə malikdir, üstəlik, kifayət qədər müdrik lider İlham Əliyev diplomatik sahədə gözəl təhsilə malikdir. Buna görə də, əlbəttə ki, Bakı vasitəçi ola bilərdi. Lakin gördüyümüz kimi, təyyarə qəzası ilə bağlı baş verən insidentə görə bu real görünmür”.
Qrevtsova əlavə edib ki, Rusiya Azərbaycanın haqlı narazılığına cavab verməlidir:
“Bu, həm də Rusiya-Ukrayna danışıqları üçün Bakının vasitəçiliyi baxımından olduqca vacibdir. Nəticə etibarilə, Azərbaycan tərəfinin Rusiyanın hərəkətlərindən narazılığı olduğu müddətdə, beynəlxalq məsələlərin həllində hər hansı vasitəçilikdən danışmaq yəqin ki, hələ tezdir. Araşdırma başa çatdıqdan və Rusiya ilə Azərbaycanın bu araşdırmanın nəticələrindən razı qaldıqdan sonra Bakının vasitəçi kimi çıxış etməsi perspektivi ola bilər”.
Tehran Orucoğlu, Bizim.Media