NATO hazırkı strategiyanın Rusiya üstünlüyü qarşısında zəifliyini dərk edərək, hərbi doktrinasını kökündən dəyişməyi planlaşdırır.
Məlumata görə, buna əsas səbəb Rusiyanın hərəkətləri ilə NATO-nun hava üstünlüyünü şübhə altına alan Ukraynadakı münaqişənin dərsləri olub. Qərb ekspertləri hesab edirlər ki, Ukraynadakı münaqişə təcili islahatların zəruriliyini nümayiş etdirən “müasir müharibə laboratoriyası” olub.
“NATO rəqabətədavamlı qalmaq üçün bahalı sistemləri, məsələn, dronlar kimi sərfəli həllərlə birləşdirməlidir”, – məlumatda bildirilib.
Bu açıqlamalar göstərir ki, NATO özünün hərbi doktrinasını dəyişməyi planlayıb.
Alyans bu addımı ilə böyük müharibə hazırlığına start verir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli düşünür ki, NATO indilikdə böyük müharibəyə hazır deyil:
“Bunun üçün zamana və siyasi iradəyə ehtiyac var. Siyasi iradəni təmin edən ölkələr ABŞ, Böyük Britaniya və Fransa olmalıdır. Onların isə liberal mövqe nümayiş etdirəcəklərinə inanmıram. NATO yarandığı gündən Rusiyanın və sonradan Çinin də yer aldığı Şərq düşərgəsilə böyük müharibəyə hazırlaşıb. Bu günə qədər müxtəlif ölkələrdə birgə hərbi əməliyyatlar həyata keçiriblər”.
Ekspert qeyd edir ki, Ukrayna müharibəsi dünyada yeni hərbi vəziyyətin meydana çıxmasına gətirib çıxarıb:
“Bu müharibə tarixdə müasir rəqəmsal texnologiyalar əsasında yaradılan silahların müharibəsi kimi qalacaq. NATO düşünürdü ki, SSRİ-nin dağılması ilə hərbi imkanlarını tam səfərbər edə bilməyən Rusiya Ukrayna cəbhəsində müasir texnologiyalardan istifadə etməkdə çətinlik çəkərək, qısa müddətdə məğlub olacaq. Lakin bunun baş verməməsi NATO-nu yenidən düşünməyə məcbur edib. Alyansın davamlı şəkildə silah-sursatla təmin olunmasına baxmayaraq, Rusiya Ukraynada mühüm strateji məntəqələri ələ keçirdi.
2014-cü ildən sonra Ukrayna və NATO-nun ordularını modernləşdirmək, gücləndirmək imkanları olsa da, bundan yararlana bilməyiblər. Canlı qüvvə, hücum əməliyyatını effektiv həyata keçirəcək birləşmələr də müharibənin əsas predmetlərindən biridir. NATO isə Ukraynada bu üstünlüyü təmin edə bilmədi”.
R. Məmmədlinin fikrincə, NATO-nun yeni doktrinasının həyata keçməsinə 20 ilə qədər vaxt lazımdır:
“NATO kağız üzərində öz doktrinasını dəyişə, tələbləri, istəkləri və yeni tapşırıqlarını qeyd edə bilər. Amma onun icraya yönəlməsi və təmin olunmasına zaman lazımdır. Minimum 20 il lazımdır ki, NATO-ya üzv ölkələrin orduları inkişaf etsin. Bu isə bir qədər mübahisəli məsələdir. ABŞ NATO ölkələrinin ordularının paralel olaraq hamısının eyni səviyyədə güclənməsinə qarşıdır. Heç bir halda, ABŞ, Böyük Britaniya və Fransa Almaniya, Macarıstan ordularının güclənməsini istəmir”.
Bu baxımdan da ekspert bildirir ki, doktrinada nəzərdə tutulan dəyişikliklər əsasən kağız üzərində qalacaq və alyansın hər hansı böyük inkişafına gətirib çıxarmayacaq:
“Rusiya və Çin üzərində döyüş meydanında hərbi üstünlüyə nail olmaq üçün NATO üzvlərinin
hamısının ordu imkanları eyni səviyyədə olmalıdır. Amerika isə Türkiyənin hərbi hava qüvvələrinin güclənməsinə xidmət edən F-35-i vermir”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
11:00 / 14.05.2025
NATO savaş hazırlıqlarına START VERDİ – III Dünya Müharibəsi ALOVLANIR...
Hazırda oxunan: NATO savaş hazırlıqlarına START VERDİ – III Dünya Müharibəsi ALOVLANIR...
Hazırda oxunan: NATO savaş hazırlıqlarına START VERDİ – III Dünya Müharibəsi ALOVLANIR...
249093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.