Fransa hakimiyyəti İkinci Dünya Müharibəsinin xatirəsini ucuz və bayağı şəkildə gündəlik siyasi məqsədlərə qurban verir. Sabah – 8 mayda Parisdə Almaniya üzərində Qələbənin 80 illiyi münasibətilə genişmiqyaslı tədbirlər keçiriləcək.
Bizim.Media xəbər verir ki, minval-ın əldə etdiyi məlumata görə, həmin mərasimə demək olar ki, bütün səfirliklər dəvət olunub, lakin Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva dəvət olunanlar siyahısına salınmayıb. Bu, Fransa prezidenti Emmanuel Makronun komandası tərəfindən atılmış ucuz və etikadan uzaq siyasi addımdır.
Halbuki Azərbaycanın Almaniya üzərində qələbəyə verdiyi töhfə danılmazdır. Statistika da bunu sübut edir: Almaniyaya qarşı döyüşlərdə 600 min azərbaycanlı iştirak edib, onların 300 mini həyatını itirib. Azərbaycan əhalisinin onda biri müharibədə canından keçib. Azərbaycanın nefti və lend-liz çərçivəsindəki logistik rolu isə mütəxəssislər tərəfindən misilsiz sayılır.
Ən vacibi isə – Azərbaycan vətəndaşları Fransanın Müqavimət Hərəkatında da iştirak ediblər.
Məsələn, Əhmədiyyə Cəbrayılov (başqa adlarla da tanınan - Kardo, Əhməd Mişel, Armed Mişel, Matye Mişel, Kuraje Mişel, Xarqo, Fraji, Rus Əhməd) Fransa tərəfindən Fəxri Legion ordeni başda olmaqla bir çox medallarla təltif olunub. O, 1990-cı ildə Şarl de Qolun 100 illiyi münasibətilə Parisə də dəvət edilib.
Əhmədiyyə Cəbrayılov Fransada döyüşən yeganə azərbaycanlı deyil. Məsələn, Rodez şəhərindəki hərbi əsir düşərgəsində saxlanılan azərbaycanlılar Mirzəxan Məmmədovun rəhbərliyi ilə ilk sovet partizan dəstəsini formalaşdırmışdılar. Onlar düşərgədən qaçaraq Fransanın "sovet patriotları" hərəkatına qoşulub, Alp dağlarında vuruşublar. İdris Qasımov “Aret-Sol” batalyonunda xidmət edib, Lion, Dijon, Rodəz və digər bölgələrin azad olunmasında iştirak edib.
Fransız Müqavimət Hərəkatında döyüşən digər azərbaycanlılar arasında bunların adları çəkilir: Nurş İmamqulu oğlu Mehtiyev, Cəlil Tanrıverdiyev, Məmməd Məmmədov, Xasay Quliyev, Allahverdi Vəliyev, Hüseynrza Məmmədov, Təvəkkül Məmmədov, Abbas Hüseynov, Xələf Hacıyev, Xələddin Hacımuradov, Eyub Məmmədov, Knyaz Əbdürrəhimov, Məmmədtağı Mursəlov və başqaları. Onlar Fransanın Nim, Ales və digər şəhərlərinin azad edilməsində iştirak etmiş, Fransa tərəfindən orden və medallarla təltif olunublar.
Bütün bunlara baxmayaraq, Fransa bu tarixi yaddaşdan imtina edir, çünki bu gün siyasi dəbin zirvəsində Ermənistanla “qucaqlaşmaq” dayanır. Tarixi təhrif edib, İkinci Dünya Müharibəsini bu cür kontekstdə təqdim etmək sadəcə dəhşətlidir. Xüsusilə də bunu Fransa edəndə...
Dürüst olaq: Fransanın Parisdə nəyin bayramını keçirdiyinin özü belə sual doğurur. İkinci Dünya Müharibəsi başlayandan neçə gün sonra Fransa ağ bayraq qaldırdı? Əgər tarixə baxsaq, görərik ki, Fransanın Almaniyaya müqaviməti 43 gün davam etdi, Paris isə bir güllə belə atmadan təslim edildi.
Hətta Almaniyanın generalı Yodl (və ya başqa mənbələrə görə Keitel), 1945-ci ildə Almaniyanın təslim aktı imzalanarkən fransız nümayəndələrini görüb belə demişdi: "Biz bəs Fransa ilə də müharibə etmişik?" Onların bu sözləri tarixi kontekstdə haqlı idi. Fransa dünya gücü sayılırdı, lakin rəsmi Paris Münhen sazişində Hitleri “yumşaltmaq” üçün Çexoslovakiyanı qurban verəndə, əslində özünün və Avropanın gələcəyini də təhlükə altına atmışdı.
Müharibə başlayandan az sonra Fransa məğlub oldu. Sonra isə Berlindən asılı olan bir qurum - Vişi hökuməti quruldu. Bu hökumət özü Fransa yəhudilərini tutub, Almaniyaya göndərirdi. 1942-ci ildəki Velodrom reydi buna örnəkdir.
Alman işğalı dövründə Fransada restoranlar işləyirdi, moda evləri açıq idi, fransızlar almanlarla romantik münasibətlər yaşayırdı. Müqavimət Hərəkatı isə əslində yalnız 1944-cü ildən sonra, yəni qələbənin yaxınlaşdığı zaman fəallaşdı.
Fransa bütün bu reallıqları unudub, indi öz ərazisində döyüşmüş Azərbaycan partizanlarının qəhrəmanlığını görməzlikdən gəlir, kimləri "qalib" sayacağını müəyyənləşdirir. Bu, isə gülməli deyil, rəzillikdir.
Bizim.Media