Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşan Sənan Möhsümov döyüşlərin birində həlak olub.
Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüş əməliyyatlarına qoşulmuş Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini olan Hüseyn İsayev isə əks cəbhədə həlak olub.
Teleqraf.az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü H. İsayev Rusiyadakı həbsxanadan müharibəyə cəlb edilibmiş. O, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş.
Ailədə iki qardaş, iki bacı olublar. Evin sonbeşiyi olan H.İsayev ailə həyatı qurmayıb. Onun atası Zəlövşan İsayev 15 ilə yaxındır ki, Rusiyanın Tula vilayətində yaşayırmış. O, bir neçə il sonra ailəsini də öz yanına aparıb. Hüseyn Tulada atasının bir neçə obyektinə nəzarət edir, icarə haqqı toplayırmış.
Bazarda bir nəfər dəfələrlə Hüseyn İsayevi təhqir edib, hətta bir dəfə başını da yarıbmış. Bu davalar bir neçə dəfə təkrarlanıb. Hüseyn isə təhqirlərə, zorakılığa dözə bilməyərək onu bıçaqla qətlə yetirib. Məhkəmə Hüseyn İsayevi uzunmüddətli həbs cəzasına məhkum edib.
Hüseynin qarşısına müharibədə vuruşmaq müqabilində cəzadan azad olunmaq vəd edilib. O da müharibəni seçərək həbsdən buraxılıb. Rusiya ordusunun tərkibində təlimlərdə iştirak edib. Hüseyn İsayev təlim zamanı - hələ müharibəyə qoşulmağa imkan tapmadan Xarkov ətrafında Ukrayna ordusunun dron hücumu nəticəsində həlak olub.
Mərhum aprelin 16-da Bolnisi rayonunun Arıxlı kəndində dəfn edilib.
Fotoda: Sənan Möhsümov
Fotoda: Hüseyn İsayev
Bizim.Media