Bildiyimiz kimi, aprelin əvvəlində Tramp adminstrasiyası çoxsaylı dünya ölkələrinə qarşı rüsum tarifləri tətbiq etdi. Bu xüsusda əsas rüsumlar Avropa İttifaqı və Çinə qarşı tətbiq edilib.
MÖVZU İLƏ BAĞLI:
Tramp Zelenskinin dəvətilə Ukraynaya GEDƏCƏK? - VİDEO
ABŞ Aİ-yə 20 faizlik rüsum tətbiq etdi, Çinə isə 34 faizdən başlayıb, sonda tarifləri 124 faizə qaldırıb. Düzdür, sonradan Tramp əksər ölkələrə rüsum tətbiqinə 90 günlük moratorium qoydu. Amma bu addım Çin və Aİ-yə şamil edilmədi.
Çin-Aİ yaxınlaşması
Belə vəziyyətdə isə Aİ ilə Çinin yaxınlaşması müşahidə edilir. Avropa Birliyilə Çinin növbəti birgə sammiti iyul ayında Pekində keçiriləcək ki, burada iqtisadi əlaqələr məsələsi də əsas gündəm mövzularından biri olacaq.
2024-cü ildə Çin ilə Avropa İttifaqı arasında ticarət həcmi 786 milyard dollar olub. Çinin Aİ-yə ixracı 517 milyard dollar təşkil edib. Aİ-dən Çinə ixrac isə 269 milyard dollar olub. Yaranmış vəziyyətdə növbəti illərdə bu əlaqələrin daha da genişlənəcəyi gözləniləndir. Belədə, Aİ və Çinin yaxınlaşması Azərbaycan üçün də əlverişlidir.
Xüsusilə də, tranzitdən gələcək gəlir baxımından...
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov bildirir ki, Avropa Birliyilə Çin arasında iqtisadi münasibətlər genişlənəcəksə, Azərbaycan da bu və ya digər şəkildə buradan pay əldə edə bilər:
“Xüsusən də tranzit daşımalar aspektindən yanaşdıqda, əlverişli, alternativ marşurutların təqdim edilməsi, hər iki tərəfdən daşımaların Azərbaycan üzərindən həyata keçirilməsi imkanlarını müəyyən qədər genişləndirəcək. Bu da ölkəmizin tranzit gəlirlərinin artmasına gətirib çıxara bilər”.
Həmsöhbətimizin fikrincə, prosesdən daha çox fayda əldə etmək üçün Azərbaycan öz ərazisindən keçən marşurutun rəqabət qabiliyyətini artırmalıdır:
“Ümid edirəm ki, burada da müvafiq uyğunlaşma, adaptasiya tədbirlərinin həyata keçirilməsi, ötürülmə sürətinin artırılması, xərclərin optimallaşdırılması yolu ilə marşurutun rəqabət qabiliyyətini artırmaqla prosesdən daha çox fayda əldə edə bilərik. Bu münasibətlərin genişlənməsi nəticəsində hətta bir sıra Çin şirkətlərinin istehsalı Azərbaycanda həyata keçirməsi yolu ilə Avropaya məhsulları daha çevik şəkildə təqdim etmələri imkanları da var”.
Rüfət Sultan, Bizim.Media