Trampdan növbəti GÖZLƏNİLMƏZ HƏMLƏ – “Konsert” üç aydan sonra OLACAQ...

Trampdan növbəti GÖZLƏNİLMƏZ HƏMLƏ – “Konsert” üç aydan sonra OLACAQ...

Hazırda oxunan: Trampdan növbəti GÖZLƏNİLMƏZ HƏMLƏ – “Konsert” üç aydan sonra OLACAQ...

244443

ABŞ Prezidenti Donald Tramp dünya gündəmini məşğul etməkdə davam edir. Hər kəs onun atdığı və atacağı addımları müzakirə edir. Maraqlıdır ki, bəziləri Trampı nəinki qınayır, hətda onun səhv yolda olduğunu iddia edir.

Doğrudanmı Tramp səhv yoldadır?

Bu sualın cavabı üçün Trampın qərarlarına beynəlxalq və ABŞ maraqlarından baxmaq lazımdır. Əgər beynəlxalq maraqlar nöqteyi-nəzərindən baxsaq, bəli Tramp səhv yoldadır. Çünki onun bütün qərarları ayrı-ayrı ölkələrin sosial-iqtisadi həyatını yerindən oynadır, ciddi problemlər yaradır. Amma gəlin görək digər dövlətlərin problemləri Trampın marağındadırmı? Əsla! Trampın hədəfi güclü və dayanıqlı iqtisadiyyata malik bir Amerika yaratmaqdır. Ona görə də onun qərarları birbaşa ABŞ-ın milli və dövlət maraqlarına xidmət edir. Bu məqsədə çatmaq üçün Tramp ən yaxın dost ölkələri belə tapdaq altına qoymağa hazırdır.

Bu mənada Trampın addımları əksər ölkələrin maraqlarına uyğun olmasa da, Amerikanın uğurlu gələcəyinə hesablanmış qərarlardır. Əslində Tramp niyyətini gizlətmir də. Məsələn onun üçün Ukrayna xalqının üzləşdiyi acı tale qətiyyən narahatedici deyil. Amma Tramp Ukraynanın düşdüyü ağır vəziyyətdən Amerika xalqının mənafeyi üçün faydalanmaqda israrlıdır. Bunun üçün də ikibaşlı oyun oynayır. Bir tərəfdən Zelenski Ukraynanın təbii sərvətlərinin yarısının ABŞ-a bağışlanılmasına məcbur edilir, digər tərəfdənsə işğalçı Rusiya ilə separat razılaşmalara gedilir.

Bu da təsadüfi deyil.

Çünki hər iki halda ABŞ qazanclı çıxacaq. Amma bu razılaşmada qarşı tərəf necə olacaq, bax bu Trampı qətiyyən narahat etmir. Təsadüfi deyil ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff ötən həftə Rusiyaya gəlib və Prezident Putinlə 5 saata yaxın danışıq aparıb.

Görüşdən sonra ABŞ prezidenti Donald Trampa müharibəyə mümkün qədər tez son qoymaq üçün Ukraynanın dörd regionunun – Luqansk, Donetsk, Zaporojye və Xersonun Rusiyaya verilməsini dəstəkləməyi təklif edib. Bax, budur ABŞ ədaləti!

Ukrayna xalqının və dövlətinin itirəcəkləri Ağ Evdəkilər üçün maraqlı deyil. Maraqlı olan bu razılaşmadan rəsmi Vaşinqtonun nə qədər qabağa düşməsidir.

ABŞ Rusiya ilə münasibətləri yoluna qoymaq istəyir.

Bu gün Tramp üçün əsas problem Rusiyadır. Baxmayaraq ki, Trampın sələfləri daima Rusiyaya qarşı barışmaz olublar. Lakin bu siyasət ABŞ-a nəsə qazandırmayıb. ABŞ Rusiyanı özündən itələdikcə ruslar Amerikanın digər rəqiblərinə - Çinə, Hindistana daha da yaxınlaşıb. Son 3 ilin təcrübəsi göstərdi ki, Rusiyanı hansısa müharibəyə cəlb etməklə heç də böyük uğur qazanıla bilməz. Hətta iqtisadi sanksiyalar belə Rusiya üçün ölümcül zərbə olmadı.

Əksinə, mövcud reallıqdan çıxış yolu üçün Rusiya modernləşdi, yenidən quruldu. Bu gün Rusiya təkcə dinc dövrdə yox, həm də uzun müharibə dövründə belə yaşamağın asan yollarını bilir. Ona görə də nə sanksiyalar, nə də Ukrayna münaqişəsi Putin hakimiyyətinin sonunu gətirə biləcək. Çünki son 3 ildə ABŞ və Avropa təkcə Putinə qarşı yox, həm də sadə ruslara qarşı kampaniya apardı.

Bu gün sadə Rusiya vətəndaşlarının beynəlxalq aləmə çıxışına qadağa qoyulub. Ruslar bütün beynəlxalq tədbirlərdən, idman yarışlarından təcrid edilib. Hətta rusiyalı parolimpiyaçılar belə Qərbin təzyiqləri altında əzilir. Təbii ki, bu da Rusiyanın əksər vətəndaşlarını incidir, küsdürür. Axı, Rusiya Avropanın bir parçası olması ilə yanaşı, rus dəyərləri hər zaman sivilizasiya üçün maraqlı olub.

Bax, bu reallığı Tramp və onun komandası çox yaxşı bilir. Buna görə də sərfəli şərtlərlə Rusiya ilə münasibətləri yoluna qymağa çalışır.

ABŞ-Avropa İttifaqı qarşıdurması

Aİ ABŞ üçün nə qədər yaxşı tərəfdaş kimi görünsə də, Amerikanın maraqları üçün arzuolunan tərəf deyil. Son 30 ildə ABŞ Aİ-ni öz arxasınca sürümək məcburiyyətində qaldı. Hətta bir çox məqamlarda Aİ-nin xərclərini ABŞ üzərinə götürdü. Məsələn, NATO-nun və digər beynəlxlaq təşkilatlar bu gün əsasən Ağ Evin maliyyəsi hesabına ayaqda qalıb. Nəticədə ABŞ iqtisadiyyatı defolt vəziyyətinə düşüb.

Hər il ABŞ Konqresi defoltdan qaçmaq üçün Prezidentin müracətinə əsasən Federal ehtiyatdan külli miqdarda vəsait ayırır. Bu da bir tərəfdən ABŞ-ı borclandırır, digər tərəfdən iqtisadi cəhətdən zəiflədir. Təsadüfi deyil ki, hazırda Amerikanın dövlət borcu 36 trilyonu keçib. Amma bütün bunların fonunda Aİ bütün proseslərdə ABŞ-ın tərəfdaşı kimi yox, şəriki kimi çıxış edib. Təbii ki, belə vəziyyət Trampı qane edə bilməz. Ona görə də Tramp Aİ-dən qismən uzaqlaşmaq və qarşı tərəfə öz yerini xatırlatmaq istəyir.

Tramp Çinlə hərbi və iqtisadi münaqişədən qaçır.

Bayden hakimiyyəti 5 il müddətində Tayvanı Çinlə müharibəyə təşviq etsə də, heç nəyə nail olmadı. Üstəlik, Tayvanın silahlanmasına 100 milyard dollar xərcləndi.

Tramp isə nəinki hərbi, hətta iqtisadi münaqişədən qaçmaq istəyir. Məsələn, bu günlərdə Ağ Ev ABŞ prezidenti Donald Trampın Çinlə idxal tarifləri ilə bağlı razılaşmaya açıq olduğunu və bu məsələyə son dərəcə optimist yanaşdığını bildirib.

Bu da o deməkdir ki, Tramp öz rəqiblərinə populist siyasətçi kimi yox, kreativ iqtisadçı kimi baxır, kimdən necə faydalanacağını da çox yaxşı bilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın qərarı ilə aprelin 5-dən ölkəyə idxal olunan məhsullara tətbiq ediləcək yeni vergi dərəcələri müəyyənləşib və vergi dərəcəsi tətbiq edilən siyahıya ümumilikdə 185 ölkə daxil edilib

Qərar qüvvəyə minəndən sonra Tramp bəyan etdi ki, ABŞ-ın idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəyə gündəlik 2 milyard dollar gəlir gətirir.

Hələ bu harasıdır...

Tramp tək bir qərarı ilə dünyanın aparıcı dövlətlərini dizə gətirdi. Son nəticədə isə ABŞ cəmi 10 gündə trilyonlarla dollar qazanc əldə etdi. Tramp sübut etdi ki, ağıllı iqtisadi siyasət istənilən müharibə layihəsindən daha mənfəətlidir.

Tramp cəmi bir gün sonra sərt tarif qərarını 90 gün təxirə saldı. Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı.  Halbuki, müharibə yolu ilə 4 trilyon qazanmaq üçün illərlə döyüşmək lazımdır. Siyasətdə isə 4 trilyon qazanmaq üçün 10 illərlə siyasi mübarizə aparmaq lazım gəlir.

Nəzərə alaq ki, Tramp öz qərarından geri çəkilməyib. Sadəcə bu qərarın bəzi ölkələrə tətbiqini 3 ay ləngidib. Bu da o deməkdir ki, Tramp dünya dövlətləri ilə açıq bazarlığa oturub. İlkin nəticələr onu göstərir ki, ən qısa zamanda Tramp əksər dövlətlərlə “dil tapacaq”. Amerika iqtisadiyyatını defoltdan xilas edəcək. Dünya Trampın sayəsində yeni və daha qüdrətli ABŞ-la üz-üzə qalacaq.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO