Yaxın Şərq bölgəsində cərəyan edən gərginlik yumşalmağa doğru gedir. Belə ki, Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzeti "Hizbullah" rəhbərliyinə yaxın mənbəyə istinadən bildirib ki, təşkilat İsrailin Livanın cənubundan tam çəkilməsi şərti ilə hərbi arsenalının gələcəyi ilə bağlı dialoqa başlamağa hazırdır.
"Hizbullah" nümayəndəsi qeyd edib ki, “əgər İsrail beş işğal olunmuş bölgədən geri çəkilərsə və hücumları dayandırarsa, biz silahlarımızın taleyi ilə bağlı respublika prezidenti general Cozef Aunla danışıqlara başlamağa razıyıq”.
MÖVZU İLƏ BAĞLI:
Rza Talibidən böyük savaş XƏBƏRDARLIĞI – “İrana qarşı əməliyyatlar başlaya BİLƏR” –ÖZƏL
Livanın köçkünlər naziri Kamal Şahade açıqlamasında bildirib ki, "Hizbullah"ın tam tərksilahı və mövqelərin Livan ordusuna təhvil verilməsi təxminən 6 ay vaxt alacaq.
Qeyd edək ki, bu açıqlama ABŞ-İran xəttində artan diplomatik aktivliklə eyni vaxta təsadüf edir.
Belə ki, dünən ABŞ prezidenti Donald Trump İranla birbaşa danışıqların başlayacağını elan edib. Danışıqlar aprelin 12-də start götürəcək. Maraqlıdır ki, İran daha əvvəl ABŞ-la vasitəçisiz danışıqlar təklifini rədd etmişdi. Lakin Ağ Ev müzakirələrin ikitərəfli olacağını açıqlayıb.
İran Trampın təhdidlərindən çəkinərək geri addım atır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında professor, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirir ki, İran və ABŞ arasında dialoq üçün imkanlar heç də tükənməyib:
“İranla ABŞ münasibətləri son dövrlər ciddi şəkildə gərginləşib. Hətta onlar arasında silahlı qarşıdurmanı istisna etməyənlər də var. ABŞ Prezidenti Tramp qeyd edib ki, İran ya danışıqlar masasına əyləşməlidir, ya da bu ölkə bombalanacaq. Aprelin 12-də Vaşinqtonla Tehranın danışıqlara başlayacağı da bildirilir.
Bu mənada hesab edirəm ki, tərəflər arasında dialoq üçün imkanlar var. Ona görə də onlar arasında silahlı qarşıdurmanı istisna edirəm. İran ərazisi bu günə qədər lokal şəkildə bombalanıb. İran da buna bacardığı cavabı verib. Yəni lokal zərbələrin təkrarlanacağını da istisna etmək olmaz. Lakin genişmiqyaslı hərbi kampaniyanın başlayacağını düşünmürəm”.
Gözlənilən danışıqların nəticəsinə gəldikdə, həmsöhbətimiz ona pozitiv baxır:
“Çünki 2015-ci ildə ABŞ-da daxil olmaqla Qərblə İran arasında nüvə razılaşması imzalandı. Yalnız Tramp birinci dəfə hakimyyətə gələndə birtərəfli qaydada ölkəsini bu razılaşmadan çıxardı. Bundan sonra da gərginliyin yeni dalğası başladı. İndi isə Tramp nəyin bahasına olursa-olsun İranın uranın zənginləşdirilməsi istiqamətindəki fəaliyyətini məhdudlaşdırmaq istəyir”.
Ekspertin fikrincə, İran da vəziyyətin kəskinləşməsində maraqlı deyil:
“Bunu Tehranın davranışları göstərir. Tərəflər arasında birbaşa olmasa da artıq danışıqların baş tutması sözsüz ki, onlar arasında münasibətlərin normallaşmasına xidmət edəcək. Tərəflər masa arxasına əyləşmək istəməsəydilər, Trampın dediyi kimi hərbi qarşıdurma qaçılmaz olacaqdı. Artıq bu narahatlıq arxada qalmaqdadır.
Əminəm ki, gözlənilən müzakirələrin sonu olaraq tərəflər ortaq məxrəcə gələcək, qarşılıqlı güzəştlərə gedəcəklər. İran sanksiyaların yüngülləşdirilməsinə çalışır. Düşünürəm ki, Vaşinqton da bu istiqamətdə Tehrana güzəştə gedəcək. Hətta HƏMAS, “Hizbullah” kimi proksi qüvvələrin gələcək taleyi ilə bağlı danışıqlarda da müəyyən nəticə hasil olunacaq”.
Rüfət Sultan, Bizim.Media