ABŞ Prezidenti Donald Trampın atəşkəs səylərinə baxmayaraq, Rusiya Ukrayna istiqamətində genişmiqyaslı hücuma hazırlaşdığı iddia olunur. Bu hücumun Xarkov, Sumı vilayətləri istiqamətində olacağı bildirilir.
Müharibə Araşdırmaları İnstitutu (ISW) yeni hesabatına görə isə Rusiya Donetsk vilayəti ətrafında əlavə qüvvələr toplayır. Analitiklərin fikrincə, ruslar Limanın şimal-şərqindəki mövqelərindən istifadə edərək Ukraynanın nəzarətində qalan Luqansk vilayətinin 1%-ni ələ keçirməyə çalışa bilərlər.
Hazırkı şəraitdə görünən odur ki, Rusiya tərəfi hər hücumda az da olsa irəliləyişə nail olur. Bu isə o anlama gəlir ki, Rusiya ordusunun genişmiqyaslı hücumu baş verərsə, Kiyev daha ağır duruma düşəcək.
Ukrayna daha hansı əraziləri itirəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, Rusiya bütün Azov dənizi ərazisini və Qara dənizdəki böyük limanları da ələ keçirməyə çalışır:
MÖVZU İLƏ BAĞLI:
Rusiyadan gözlənilməz TƏLƏBLƏR – “Bunlar olmasa, razılaşma baş tutmayacaq” –EKSKLÜZİV
“Rusiyanın Ukraynaya hücumu artdığı kimi, Kiyevin də qarşı tərəflə bağlı son günlər artan hərbi zərbələrini müşahidə edirik. Şübhə yoxdur ki, bu proses ABŞ-ın yeni Prezidenti Donald Trampın yürütdüyü siyasət kontekstində kəskinləşir. Rusiya Ukrayna münasibətlərindəki gərginlik danışıqlara gəlməyən tərəf olaraq daha çox Moskvanın üzərində qalacaqsa, problem buradan başlayacaq.
Tramp Rusiya ilə bağlı hər gün getdikcə daha artıq dərəcədə təəssüfləndiyini dilə gətirir. Bu günlərdə Ukrayna və Rusiya tərəfindən yüksək rütbəli şəxslərin ABŞ-a səfərləri nəzərdə tutulur. Belədə, Ağ Evdə tərəflər arasında böyük ölçüdə yekun nəticənin əldə olunmasına çalışacaqlar. Vaşinqtonda Ukraynadan daha çox Amerika Rusiya münasibətlərinin çözülməsinə cəhd edirlər”.
Bu kontekstdə də həmsöhbətimizə görə, tərəflərin bir-birinə qarşı hərbi zərbələri artırması başa düşüləndir:
“O baxımdan da yaxın dövrdə daha artıq qarşıdurmanın şahidi olacağıq. Belə vəziyyətdə isə Ukraynanın Rusiyanın hücumları qarşısında hələlik tab gətirməsi də çətinləşir. Bu mənada Kiyevin daha hansı əraziləri itirə biləcəyi məsələsinə gəldikdə, bütün Azov dənizi, Qara dənizdəki böyük limanları Rusiya zəbt etməyə çalışır”.
Rüfət Sultan, Bizim.Media