Moldovanın Kişineu şəhərində təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” beynəlxalq elmi-praktik konfransda erməni təxribatının qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, tədbirin ilk günündə təşkil edilən 5-ci paneldə özünü qondarma “Dağlıq Qarabağ”ın sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı ölkəmizlə bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirilib.
Milli Məclisin deputatı Vüqar Bayramov çıxışa etiraz edib. O, erməni təmsilçisinin çıxışının dərhal dayandırılmasını tələb edib və bildirib ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var:
“Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz. Tədbirdə qərəzli siyasi bəyanat səsləndirməkdənsə, Qərbi Azərbaycandan zorla çıxarılmış 300 min azərbaycanlının hüquqlarından danışmaq və regionda sülhü dəstəkləmək lazımdır. Qərəzli yanaşmalar ilə Qafqazda sülhə nail olmaq olmaz”.
Onun israrlı təkidindən sonra erməni nümayəndənin çıxışı dayandırılıb və ona nitqini davam etdirməyə imkan verilməyib. Təşkilatçıların nümayəndəsi baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istəyib.
Qeyd edək ki, “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktik konfransında Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Avropa İttifaqının nümayəndələri iştirak edirlər.
Konfransda Azərbaycanı dövlət qurumlarının, o cümlədən Dövlət Su Ehtiyatları Agentliyinin, universitetlərin, eləcə də Xəzər Universitetinin nümayəndələri və ekspertlər təmsil edirlər.
Tədbir martın 13-də başa çatacaq.
Bizim.Media