Aralarında Adnan Oktarın da olduğu 19 müttəhimə “rəsmi sənədləri saxtalaşdırmaq”, “rəsmi sənədləri məhv etmək” və “qaçaqmalçılıq” ittihamı ilə ayrı-ayrılıqda bəraət hökmü çıxarılıb.
Bizim.Media xəbər verir ki, İstanbul Anadolu 1-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Adnan Oktar, 14 müttəhim və vəkilləri iştirak edib.
Bəzi təqsirləndirilən şəxslər iclasa Audio və Video İnformasiya Sistemi (SEGBİS) vasitəsilə qoşulublar.
Cinayət işinin mahiyyəti ilə bağlı fikirlərini açıqlayan dövlət ittihamçısı bildirib ki, müttəhim Özkan Mamatinin ifadəsinə əsasən, 04 noyabr 2013-cü il tarixində Haydarpaşa Limanına gələn 21 konteynerin Çindən çıxışı zamanı bütün sənədləri məhv edilib, onların yerinə Çində qurduğu TGL HKN Logistics şirkəti tərəfindən saxta sənədlər yaradılıb.
Məhkəmə iclasında Adnan Oktar ifadə verib: “70 yaşım var və heç yol hərəkəti qaydalarına dair cəriməm belə olmayıb. Birdən 30 cinayət törədən adam oldum. Dövlətimiz nə edirsə, xeyir üçün edir".
Proses zamanı Oktarın sadalanan cinayətlərdə əli olmadığı sübuta yetirilib.
Qeyd edək ki, 2018-ci ildə əməliyyat zamanı saxlanılan və həbs edilən Adnan Oktar təşkilata rəhbərilik, cinsi istismar, təhsil hüququna əngəl olmaq, işgəncə və digər cinayətlərə görə 891 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media