Paşinyandan “II Zelenski” hazırlamaq PLANI – Ermənistanı Ukraynanın aqibəti GÖZLƏYİR...

Paşinyandan “II Zelenski” hazırlamaq PLANI – Ermənistanı Ukraynanın aqibəti GÖZLƏYİR...

Hazırda oxunan: Paşinyandan “II Zelenski” hazırlamaq PLANI – Ermənistanı Ukraynanın aqibəti GÖZLƏYİR...

236488

Qərbin MDB məkanındakı dayaqlarından biri Ukraynadırsa, digəri isə heç şübhəsiz Ermənistandır. Paşinyanın son illər yürütdüyü siyasət onun da Rusiyanın qucağından qaçıb, Qərbin qucağına düşmək istəyindən xəbər verir. Qərb son dövrlər Ermənistanı həm də sürətlə silahlandırır. Bu ölkə Rusiyanın əsas rol oynadığı KTMT-də iştirakdan imtina edir. Əvəzində Qərbin təşkil etdiyi hərbi təlimlərə aktiv şəkildə qoşulur. Bir sözlə, görünən odur ki, Qərb Ermənistanı “ukraynalaşdırmaq” planını işə salıb.

Hazırda Zelenskini hansı aqibətin gözlədiyi göz önündədir. Trampın gəlişilə Ukrayna Prezidenti çətin duruma düşüb. Artıq onun iştirakı və razılığı olmadan belə Tramp Ukraynanın taleyini öz istədiyi kimi, həll edir. 

Görəsən, Paşinyan növbəti Zelenski, Ermənistan isə ikinci Ukrayna olacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, Qərbin Ukraynadakı geosiyasi eksperimentinin acı nəticələri göz önündədir:

“Ermənistan ABŞ-da demokratların hakimiyyəti dövründə sürətlə plasdarma çevrilirdi. Bu müddətdə Qərb Zelenski və onun ölkəsini özünün geosiyasi rəqibinə qarşı bir platformaya çevirdi. Geosiyasi eksperiment idi, düşünürdülər ki, geosiyasi rəqiblərini zəiflədə biləcəklər. Belədə Ukraynanın resursları və xalqından istifadə etdilər. Bu gün isə geosiyasi eksperimentin acı nəticələri göz önündədir”.

“Eyni davranışı Ermənistanda da müşahidə edirik”

“Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra, Qərb, xüsusən də Fransa ciddi şəkildə İrəvanla iş aparmağa başladı. Ermənistan sistemli şəkildə silahlandırılır, Azərbaycana qarşı əsassız siyasi hücumlar təşkil olunurdu. Onlar Cənubi Qafqazda münaqişə vəziyyətinin aradan qaldırılması faktını qəbul etmək istəmirlər”, deyə müsahibimiz əlavə edib.

Ekspert deyir ki, Ermənistan Qərbin əlində rahat idarə olunan geosiyasi alətdir:

“Paşinyanı da ona görə hakimiyyətə gətirdilər. Zelenski də məhz Rusiyaya qarşı hərbi-siyasi xarakterli aksiyaların həyata keçirilməsi üçün hakimiyyətə gətirilib. Münaqişənin tərəfi Ukrayna deyil. Əsas tərəf Qərb, NATO və Rusiyadır. Ukrayna sadəcə olaraq istifadə olunan meydandır və indi onlar oyundan kənar vəziyyətə salınmaqdadır.

Oxşar proseslər Ermənistanda da müşahidə olunmaqdadır. Paşinyan 2018-ci ildə hakimiyyətə gətirildi. Məqsəd o idi ki, Ermənistan Rusiyanın idarə etdiyi əsas platformalardan uzaqlaşsın. Belədə Qərb Paşinyanın əlilə regionda Rusiyaya qarşı platforma yaratmağa çalışır. Bu da onu göstərir ki, Qərb regionumuzda yenidən gərginlik yaradılmasında maraqlıdır. Paşinyan da Qərbin əlində alət olmağın müqabilində Azərbaycana qarşı da ondan dəstək istəyir. Co Bayden adminstrasiyası da tələsik İrəvanla strateji tərəfdaşlıq sazişi imzaladı”.

Paşinyan Qərbin dəstəyini itirir...

E. Mirbəşiroğlu hesab edir ki, artıq Trampın gəlişilə Paşinyanın Amerika ilə bağlı ümidləri də puça çıxacaq:

“İndi vəziyyət ciddi şəkildə dəyişir. Tramp tamam fərqli baxışlar sərgiləməkdədir. O baxımdan hesab edirəm ki, artıq Paşinyanın Amerika ilə bağlı ümidləri də puça çıxacaq. ABŞ olmadan Avropa ciddi geosiyasi nəticələrə gətirib çıxaracaq addımlar atmayacaq. Düşünürəm ki, dünyadakı vəziyyət sərt şəkildə dəyişib. O baxımdan Paşinyan rejimi də artıq Qərb üçün çox da maraqlı olmayacaq. Belədə isə yaxın dövrlərdə Paşinyan növbəti Zelenski, Ermənistan isə ikinci Ukrayna olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO