Britaniya sülh sazişi bağlandıqdan sonra Ukraynaya "Typhoon" qırıcı təyyarələri göndərə bilər. Bu variant Rusiyanın etiraz etdiyi NATO ölkələrindən sülhməramlıların yerləşdirilməsinə alternativ kimi nəzərdən keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times” yazıb.
Nəşr bildirib ki, britaniyalı nazirlər Ukraynanın ərazisinə çoxlu sayda hərbçilərin yeridilməsinə ehtiyac olmadan ona təhlükəsizlik təminatının necə veriləcəyini müzakirə ediblər.
Belə ki, yüksək rütbəli hökumət mənbələrindən biri Kiyevə “hava polisi”nin göndərilməsinin tərəfdarı idi, baxmayaraq ki, bunun üçün həm xeyli sayda təyyarə, həm də onları qorumaq üçün hava hücumundan müdafiə sistemləri lazımdır.
Nəşr qeyd edib ki, Ukrayna hava məkanında Böyük Britaniyanın rəhbərlik etdiyi patrul missiyası NATO-nun Baltikyanı ölkələrdə həyata keçirilən missiyalarından nümunə götürülə bilər.
Qəzetin mənbəsi bildirib ki, sözügedən təyyarələr Polşada yerləşdirilə bilər. "Bununla belə, müzakirələr hələ ilkin mərhələdədir" - nəşrin mənbəsi vurğulayıb.
“Nəzəri olaraq, onlarla "Typhoon" Rusiyanın istənilən hücumuna qarşı hazır vəziyyətdə saxlanıla bilər, eyni zamanda Britaniya və digər Avropa ölkələrindən olan kiçik sülhməramlı qüvvələr yerdə müdafiəni təmin edə bilərlər” – məlumatda qeyd olunub.
Bununla belə, nəşrin fikrincə, Moskva razılaşsa belə, Avropanın Ukraynanın Rusiya ilə sərhədində patrulluq etmək üçün təkbaşına böyük quru qoşunları yaratması çətin olacaq.
“The Times” qeyd edir ki, bəzi diplomatların fikrincə, bu məqsədlə BMT-nin himayəsi altında sülhməramlıların göndərilməsi daha real olardı və Rusiya bu ideyanı dəstəkləyə bilər.
Bizim.Media