16 İYUN bağlı qapılar arxasında - Putin-Bayden görüşündə nə müzakirə olunacaq? 

16 İYUN bağlı qapılar arxasında - Putin-Bayden görüşündə nə müzakirə olunacaq? 

Hazırda oxunan: 16 İYUN bağlı qapılar arxasında - Putin-Bayden görüşündə nə müzakirə olunacaq? 

23374

İyunun 16-da Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında uzun müddətdir gözlənilən görüş baş tutacaq. İsveçrənin Cenevrə şəhərində qarşı-qarşıya gələcək liderlərin görüşü Co Baydenin hakimiyyətə gəlməsində sonra tərəflər arasında ilk olacaq.

Barak Obamanın prezidentliyi dönəmində Ağ Evin Xarici Əlaqələr üzrə müşaviri olan Carlz Kupcan iki ölkə arasında münasibətlərin ən dib nöqtədə olduğunu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bayden Putin qarşısında bu məsələni qaldıracaq


Xatırladaq ki, iki ölkə arasında hər zaman soyuq olan münasibətlər 2014-cü ildən sonra daha da kəskinləşib. Rusiyanın Krıma müdaxiləsi və Ukraynanın şərqində Kiyev hökumətinə qarşı döyüşən separatçılara aktiv şəkildə yardım etməsi ABŞ tərəfinin ciddi sanksiyaları ilə nəticələnib. Habelə ötən ilin sonunda Rusiyanın müxalifət liderlərindən olan Aleksey Navalnının Rusiya kəşfiyyatı tərəfindən zəhərləndiyini iddia edən rəsmi Vaşinqton Kremli növbəti sanksiyalar dalğası ilə üz-üzə qoyub. Mart ayının sonlarında Ukraynanın şərqində münaqişənin yenidən alovlanması isə Baydenin Putinə qarşı sərt mövqe sərgiləməsi ilə nəticələnib.

Putinin Baydenlə görüşünün əvvəlki Ağ Ev liderləri ilə olan görüşlərdən daha fərqli keçəcəyi güman olunur. 

ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki liderlərin görüşündə müzakirə olunacaq məsələlərdən danışarkən, insan hüquqlarının pozulmasından tutmuş, kiber hücumlara qədər bütün problemli məsələlərin masaya yatırılacağını bildirib. Habelə Ukrayna mövzusunda diskussiyaların aparılacağının da şübhəsiz olduğu Psaki tərəfindən qeyd olunub.

Görüşdə gündəmə gətiriləcək digər məsələ isə Belarus hökuməti tərəfindən müxalif fikirli Roman Protaseviçin sərnişini olduğu “Ryanair” təyyarəsinin endirilərək, gənc blogerin həbs edilməsi olacaq. Qeyd edək ki, Putin gənc müxalifin həbsini normal qarşılamış və müttəfiqi olan Aleksandr Lukaşenkonun mövqeyini dəstəkləməkdən çəkinməmişdi.

Rusiyanın ABŞ-a qarşı təşkil olunmuş kiber hücumlarda ittiham olunsa belə, Bayden əvvəlki açıqlamalarında hücumların Rusiya hökuməti tərəfindən hazırlandığı iddialarına heç bir sübut olmadığını etiraf edib. Lakin rəsmi Moskvanı daha diqqətli olmağa çağırmağı da unutmayan Baydenin məsələni görüş zamanı müzakirəyə təqdim edəcəyini gözləmək olar.

Tərəflər arasında danışıqların maraqla gözlənilməsinin digər əsas səbəbi isə lidelərin şəxsi münasibətlərinin gərgin olmasıdır.

Hələ 2011-ci ildə Co Baydenin ABŞ-ın vitse-prezidenti olduğu dönəmdə Putinə qarşı “Sənin hislərinin olmadığını düşünürəm”- kimi fikir səsləndirmişdi. Baydenin bu ilin mart ayında Putini “qatil” adlandırması da liderlər arasında münasibətləri daha da kəskinləşdirib. Danışıqların hansı sonluqla nəticələnəcəyi isə bütün dünyanın diqqət mərkəzindədir.

Müzakirələrin nəticəsi olaraq ən yaxşı halda pandemiyaya, iqlim böhranına və Yaxın Şərq problemlərinə ortaq nəticə əldə edə biləcəkləri güman olunur. Lakin digər daha önəmli hesab olunan məsələlərlə bağlı tərəflərin sərt mövqelərindən imtina edəcəkləri inandırıcı görünmür.

Onu da qeyd edək ki, görüş qapalı şəraitdə aparılacaq və tərcüməçilərdən başqa heç kim içəri buraxılmayacaq...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO