Donald Trampın rəsmi olaraq ABŞ-da prezidentlik fəaliyyətinə başlaması Avropanı sözün həqiqi mənasında ilk gündən təşvişə salıb. Təşvişə düşənlər arasında Fransa prezidenti Emmanuel Makron xüsusilə diqqət çəkir.
Fransa lideri Emmanuel Makron ölkə hərbçiləri qarşısında çıxışında Avropanı "oyanmağa" və ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıtması ilə əlaqədar müdafiəyə daha çox pul xərcləməyə çağırıb.
MÖVZU İLƏ BAĞLI:
Makron QORXU İÇİNDƏ – “Tramp bu addımı atsa, nə edəcəyik?
"Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?",- Makron soruşub. Makron deyib ki, Rusiya-Ukrayna müharibəsi "sabah və ya ertəsi gün" bitməyəcək: "Gəlin özümüzü aldatmayaq”.
Fransa prezidenti Avropanı öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırıb:
"Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz".
Makronun təşvişi nədən qaynaqlanır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, mövcud vəziyyətdə Avropanı ciddi təlatümlər, toqquşma, hətta müharibələr bürüyə bilər:
“Trampın hakimiyyəti qayıdışı sözsüz ki, bir çox yerlərdə, o cümlədən Avropada özünəməxsus təlatüm yaradıb. Avropada bu fonda həyəcan notları özünü daha qabarıq şəkildə büruzə verir.
Makronun səksəkəli açıqlaması da yalnız və yalnız onun bədgümanlığına işıq salır. Makron Avropanın dirçəlişinin yolunu güc elementinin artırılmasında görür. Amma bu yanlış fikirdir.
Avropada trend yaradan cəmi 2-3 dövlət var. Bunlar Almaniya, Fransa və İtaliyadır. Almaniyada hazırda siyasi proseslər həyəcan təbilinə yaxındır. Orada güclü parçalanmalar var. Şolts orta səviyyəli siyasətçi olaraq güclü lider effekti doğurmur. Ehtiyatda olan siyasətçilər də güclü, birləşdirici qüvvəyə malik deyillər.
Fransada isə Makronun aciz və effekt doğurmayan siyasətinin şahidiyik
O, Fransanı dünya birliyi qarşısında zəif bəndə çevirib. Trampın Amerikanın qüdrətini özünə qaytaracağı bir həqiqətdir. 4 il ona kifayət edəcək ki, Amerikanın dünyadakı rolunu təsdiqləsin. Bu zaman Tramp başqalarının yükünü öz üzərinə götürmək niyyətində deyil. Ona görə də Makron Avropanı ayılmağa çağırır. Lakin əvəzində özü Fransanı günü-gündən daha da geri salır. Paris Afrikada, Avropada yarıtmaz, təslimçi siyasət yürüdür”.
Ekspertə görə, Avropa öz ordusunu yaratmaqla vəziyyətdən çıxa bilməyəcək:
“Bu əksinə, Avropanı çökdürəcək yanaşmadır. Öz ordusunu yaratmaq Rusiya ilə əlaqələndirilirsə, bu yersiz gedişdir. Ukraynanı qızışdırmasalardı, Rusiya ilə onun arasında nifaq yaranmayacaqdı. Burada Rusiyanın düz olduğunu da demirəm. Amma Ukraynadan Moskvaya qarşı istifadə cəhdləri olmasaydı, bəlkə də Rusiyanın hərbi əməliyyatı da olmazdı.
İndi Amerika özünü kənara çəkir. Tramp indi daha çox Uzaq Şərq, Sakit Okean və Amerikanın müqəddəratı ilə maraqlanır. Avropada bu məqamda təkbaşına qaldığını görür və ağır durumdan çıxmaq üçün nə edəcəklərini bilmir”.
Politoloqun fikrincə, Almaniyanın ağıllı beyinləri, düşünən kəsimi artıq ölkədən çıxmağa qərar verərək, ABŞ, Braziliyaya üz tutur:
“Bunlar onu göstərir ki, Avropanın düşünən beyinləri qitənin gələcəyinin böyük sual altında olduğunu anlayırlar. Avropa bu problemlərin öhdəsindən gələ bilməsə, qitədə ciddi təlatümlər, toqquşma və müharibələr yaşanacaq”.
Rüfət Sultan, Bizim.Media