Xəbər verdiyimiz kimi, Böyük Britaniya ilə Ukrayna arasında 100 illik tərəfdaşlıq haqqında saziş imzalanıb.
Saziş Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Yüz illik sazişin gizli bəndləri var - Zelenskidən MÜƏMMALI AÇIQLAMA - VİDEO
Zelenskinin sözlərinə görə, bu saziş hərtərəfli xarakter daşıyır. O, təhlükəsizlik, müdafiə, iqtisadi və texnoloji komponentləri, həmçinin informasiya və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir:
"Bu, təkcə indiki təhdidlərə cavab verməyə deyil, həm də müdafiə potensialımızın və aktiv fəaliyyət imkanlarımızın necə inkişaf edəcəyini görməyə imkan yaradır”.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə qeyd edib ki, ölkəsi Ukraynaya sülhməramlıların göndərilməsində də öz rolunu oynamağa hazırdır:
“Mən bunu bir sıra müttəfiqlərlə, həmçinin Prezidenti Emmanuel Makronla müzakirə etmişəm, biz öz rolumuzu tam yerinə yetirəcəyik. Biz öhdəmizə düşəni tam şəkildə edəcəyik. Çünki məsələ təkcə Ukraynanın suverenliyindən getmir”.
Bu saziş Londonun Ukraynanı öz himayəsi altına alması anlamına gəlmirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Böyük Britaniya Ukraynanı öz himayəsi altına ala bilməz:
“Çünki bunu etməyə onun hərbi qüvvələrinin gücü çatmaz. Etiraf etmək lazımdır ki, hazırda Avropanın ən güclü iki ordusu Rusiya və Ukrayna ordusudur. Onların həm döyüş təcrübəsi var, həm də ənənəvi silah növlərinə sahibdirlər.
Avropada nə Böyük Britaniya, nə Almaniya, nə də Fransanın rus ordusuna qarşı dura biləcək ənənəvi silah növləri yoxdur. Odur ki, Londonun Kiyevi himayəyə götürməsi, hansısa hərbi güclə ona kömək etməsi sual altındadır. Maksimum Kiyevə silah göndərə bilərlər. Amma Londonun əvvəlki tək silah imkanları böyük deyil. Soyuq müharibənin qurtarması ilə İngiltərə silahlanmadan imtina etdi, hərbi xərclərini azaltdı, hərbi sənayesini ixtisara saldı”.
Ekspert qeyd edib ki, yalnız siyasi müstəvidə Böyük Britaniya Ukrayna müqaviləsinin əhəmiyyəti böyükdür:
“Bununla London göstərir ki, Ukrayna tərəfində durmaqda israrlıdır, onun mövqeyini müdafiə edir və Rusiyanın təcavüzkar siyasətinə qarşı müqavimət göstərməkdə Kiyevə hər cür dəstək verir və verəcək”.
Rüfət Sultan, Bizim.Media