Türkiyənin xarici işlər naziri Hakan Fidan ərəb ölkələrini Suriyanın yenidən qurulmasına kömək etmək üçün birgə mexanizm yaratmağa çağırıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Ər-Riyadda Suriya üzrə təşkil olunan toplantıda bildirib.
“Bu kritik zamanda beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyada yeni administrasiyanın üzləşdiyi reallıqlar arasında incə tarazlığı təmin edərək, tarazlaşdırıcı qüvvə kimi çıxış etməliyik. Biz səylərimizi daha səmərəli etmək üçün koordinasiya mexanizmi və ya müvafiq komitələr yarada bilərik. Biz Suriyada sanksiyaların götürülməli olduğu prioritet sektorları müəyyən etməliyik. Bizim əsas prioritetimiz həm də Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunub saxlanması olmalıdır”. ANKA agentliyi nazirin sözlərindən sitat gətirib.
Fidan həmçinin qeyd edib ki, “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyası Suriyanın yeni administrasiyasına səmimi şəkildə inteqrasiya etmək istəyirsə, özünü ləğv etdiyini elan etməlidir.
Onun sözlərinə görə, terror təşkilatı Fəratın şərqində ciddi təhlükə törədir, Suriya xalqının ehtiyac duyduğu təbii sərvətləri talan edir.
Bununla bağlı Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Türkiyə və ərəb ölkələri Suriyanın yeni hakimiyyət orqanlarının İŞİD-ə qarşı effektiv mübarizə qabiliyyətini gücləndirmək üçün birgə işləyə bilər.
Xatırladaq ki, Ər-Riyadda Suriyadakı vəziyyətə həsr olunmuş ərəb xarici işlər nazirlərinin görüşü keçirilir. Danışıqlara Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Faysal bin Fərhan Əl Səud sədrlik edir. İştirakçılar arasında Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, BƏƏ, Livan, Küveyt, Misir və Türkiyənin xarici işlər nazirliklərinin nümayəndələri iştirak ediblər.
Bizim.Media