İran ənənəvi taktikasına geri qayıdaraq yenidən Azərbaycana qarşı şər və böhtan kampaniyasına start verib. Yenə İran mətbuatı ölkəmizi hədəf alıb. Bu azmış kimi, sərhədimizə qoşun da yığılır.
MÖVZU İLƏ BAĞLI:
İranın yeni paytaxtının hara olacağı AÇIQLANDI
İranın “Etelaabama” saytı iddia edir ki, guya Azərbaycan Ermənistana hücum üçün bəhanə axtarır. Sözügedən nəşr Laçın istiqamətində atəşkəsin pozulmasını Azərbaycanın müharibə üçün bəhanə axtarması kimi təqdim edib.
Sərhədimizə də qoşun yığırlar...
“Mehr” xəbər agentliyinin məlumatına görə isə İran sərhədi ordunun quru qoşunlarının bir neçə briqadası ilə möhkəmləndirir. İran Ordusunun Baş Qərargah rəisi və koordinator müavini admiral Həbibullah Sayari sərhədə quru qoşunlarının əlavə briqadalarının yerləşdirildiyini açıqlayıb:
“Asayişi qorumaq və sərhədlərə nəzarət etmək üçün ölkənin qərb və şərq sərhədlərində bir neçə ordu briqadası yerləşdiriləcək”.
Admiral hava, dəniz və quru sərhədlərinin qorunmasının vacibliyindən danışıb. O bildirib ki, qoşunlar tərəfindən sərhəd təhlükəsizliyini gücləndirməklə yanaşı, sərhədə nəzarət və nəzarətə kömək edəcək “ağıllı divarlar” istifadəyə veriləcək.
“Sosial və daxili təhlükəsizliyi təmin etmək və gözlənilməz hadisələrin qarşısını almaq üçün sərhədlərimizə nəzarət etməliyik”, - deyə admiral fikrini yekunlaşdırıb.
Ənənəvi taktika
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, İran hakimiyyətinin Azərbaycana qarşı bu cür davranışı artıq ölkəmiz üçün qeyri-adi deyil:
“Son illər Tehran dəfələrlə Azərbaycanla münasibətləri gərginləşdirmək xətti götürüb. Ardınca dostluq bəyanatları verilir, münasibətləri düzəltmək üçün müəyyən addımlar atırlar. Bir qədər sonra yenidən gərginləşdirmək yolunu tutaraq, növbətçi bəyanatlar verirlər. Sonradan bir daha dostluq bəyanatları ilə çıxış edirlər. Bu cür davranış tərzi artıq İran hakimiyyət orqanları üçün adi hala çevrilib”.
Ekspertin fikrincə, İranın Azərbaycana qarşı yeni şər kampaniyası onun son zamanlar bir sıra bölgələrdə düşdüyü uğursuzluqlarla bağlıdır:
“İran çətin durumdadır. Suriyada uğursuzluğa düçar oldu, İsraillə gərginlik qalmaqdadır.
Trampın Prezident seçilməsilə Vaşinqtonun hamsı mövqe sərgiləyəcəyi barədə məlumatsızlıq təbiidir ki, İrandakı müəyyən qüvvələri gərginləşdirib. Ona görə də Azərbaycan əleyhinə növbəti şər, böhtan kampaniyasına başlamağın, hədə qorxu gəlməyin zəruri olduğu qənaətinə gəliblər. Hər dəfə prosesi gərginləşdirmək məsələsi gündəmə gələndə Ərdəbil mollasını ortaya atırlar. O da aranı qarışdıran növbəti bəyanatlar verir”.
“İranın dostluq bəyanatlarını ciddiyə almamalıyıq”
Həmsöhbətimizə görə, bu gedişlə cənub qonşu ilə normal münasibətlər qurmaq mümkün olmayacaq:
“İranın əvvəlki prezidenti də uzun müddət belə xəttin tərəfdarı idi. Son anda dostluq bəyanatı verdi və ümid etdik ki, bundan sonra münasibətlərimizin düzəlməsi istiqamətində addımlar atılacaq. Ancaq İbrahim Rəisi vertolyot qəzasına uğradı. Pezeşkian da qulağa xoş gələn bəyanatlar verib. Amma hələ ki, onun da müsbət addımını görmürük.
Azərbaycan Prezidenti müsahibəsində bu cür davranışın dostluq və mehriban qonşuluğa xidmət etmədiyini bir daha İran rəsmilərinin nəzərinə çatdırıb. İranın bundan nəticə çıxarıb-çıxarmayacağını yaxın aylarda görəcəyik. Təəssüf ki, İran belə dövlətdir. Onlar Azərbaycanla münasibəti gərginləşdirmədən uzun müddət davam edə bilmir. Mütləq Azərbaycan əleyhinə böhtan və yalanlar söyləməlidirlər. Ona görə də İranın dostluq bəyanatlarını ciddiyə almamalıyıq”.
Rüfət Sultan, Bizim.Media