ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
ABŞ Prezidenti Cozef Bayden keçmiş dövlət başçısnın vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini matəm günü elan edib.
Bu, Ağ evin saytında dərc edilmiş bəyanatda qeyd olunub.
“Kədərimizi bölüşən bütün dünya insanlarını bizə qoşulmağa dəvət edirəm”, – bəyanatda deyilib. Sənədə əsasən, ölkə daxilində və xaricində dövlət müəssisələrindəki milli bayraqlar 30 gün müddətinə endiriləcək.
Daha əvvəl Amerika prezidenti “görkəmli lider, dövlət xadimi və humanist” adlandırdığı keçmiş siyasətçinin qohumlarına başsağlığı verib. Karterlə vidalaşma mərasimi Vaşinqtonda keçiriləcək.
Qeyd edək ki, 1977-1981-ci illərdə ABŞ-nin 39-cu prezidenti olan Cimmi Karter yüz yaşına çatan ilk Ağ Ev rəhbəri olub. Karter administrasiyasının fəaliyyəti SSRİ ilə münasibətlərin pisləşməsi ilə xarakterizə olunurdu. Səlahiyyətləri başa çatdıqdan sonra o, xeyriyyəçiliklə məşğul olub. Siyasətçi karyerası ərzində Nobel Sülh Mükafatı (2002) da daxil olmaqla bir çox mükafata layiq görülüb.
Bizim.Media